"Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı".
Bakıvaxtı.az xəbər verir ki, bunu yol qəzasında qızını itirən tanınmış vəkil Fərhad Mehdiyev açıqlayıb.
O, qızının ölümünün ikinci səbəbini də bildirib: "Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobili sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və bir valideyn olaraq qəlbimə yazılacaq.
Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.
Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk.
Səni çox istəyirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək. Bu ağrını çatdırmaq çox çətindir".
Qeyd edək ki, hüquqşunasın qızı ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.
Aknews.az