“Artıq iki aydır maaş ala bilmirik. Xəstəxanalarda heç nə yoxdur. Dərmanı da, iynəni də xəstələrin özünə aldırırlar. İş vaxtı bitir, amma bizi evə buraxmırlar.
İşlədiyimiz əlavə saata görə bizə maaş da vermirlər. Tələb edəndə deyirlər ki, maliyyə Nazirliyi maaş əlavəsinə icazə vermir”.
Redaksiyamıza Naxçıvan xəstəxanalarından birindən göndərilən məktubda belə deyilir.
TEREF yazır ki, bunu məşhur jurnalist Heydər Oğuz yazır. Heydər Oğuz daha sonra yazır:
Qeyd edim ki, Naxçıvan məmurlarının 2 aydır maaş almadıqları barədə iddialar yeni deyil. Bir neçə gün əvvəl “Gündəlik Naxçıvan” da bu barədə məlumat yaymışdı. Naxçıvan tibb işçilərinin bizə göndərdiyi məktub da bu faktı təsdiqləyir.

Naxçıvandakı etibarli mənbələrdən aldığım məlumatlar maaşların verilməməsinin ilginc səbəbinə belə aydınlıq gətirib: “Naxçıvan MR Baş nazirliyi postuna iki namizəd vardı. Bunlardan biri indiki Baş nazir Cabbar Musayev, digəri isə Maliyyə naziri Həsən İsmayılov idi. Naxçıvandakı səlahiyyətli nümayəndə Ceyhun Cəlilov da Həsən İsmayılova lobbiçilik edirdi. Amma mərkəzi hakimiyyət Ceyhun Cəlilovun tender “təcrübəsini” nəzərə alıb onun namizədini yox, Cabbar Musayevi Baş nazir postuna təyin etdi. Görünür, məqsədi iki maraqlı tərəfi bir-birinə qarşı qoymaq, beləcə, onların bir-biri üzərində nəzarətini təmin etmək və tender maxinasiyalarının qarşısını almaq olub. Mümkündür ki, bu təyinatdan narazı alan “dərəbəy qruplaşması” Baş nazirin işini sabotaj etmək üçün məmurların maaşlarını aylarla yubatmağa qərar verib”.
İddialara inansaq, Ceyhun Cəlilovla Cabbar Musayev arasında ciddi anlaşmazlıqlar var. Hətta onların bir-biriylə normal ünsiyyət belə qura bilmədikləri bildirilir. Deyilənlərə görə, səlahiyyətli nümayəndə ilə Baş nazir xidməti iş xaricində bir-birini danışdırmırlar. Bu umu-küsünün çanağı isə Naxçıvan məmurlarının başında çatlayır. Lap məşhur Türk atalar sözündə deyildiyi kimi, "İki fil döyüşəndə əzilən çəmənlər olur".
Aknews.az