Elə bunun özü də “Dələduz dələduzu uzaqdan tanıyar”, – deyirdi.
“David Seliverstov” ətrafında baş verənlərə baxanda bu məsəlin niyə yarandığını anlamaq çətin deyil. Onun müdafiəsinə qalxan keçmiş serjant əvvəl “David Seliverstov”u tanımadığını deyirdi. Sonra onun haqqında yazılan materialların ictimai əhəmiyyətini sorğulamağa başladı. Daha sonra isə qəfildən məlum oldu ki, “David”i çoxdan tanıyır. Beləcə, bir “müdafiəçi”nin üçpərdəlik komediyası başladı.
“Mən onu tanımıram...”
“David Seliverstov”la bağlı ilk ifşa yazısından sonra bizim keçmiş serjant dərhal meydana atıldı. Özü-özünə sual verib, özü də cavablandırdı: “Mən bu adı ilk dəfə eşidirəm”.
Guya nə “David Seliverstov”u tanıyırdı, nə də onun kim olduğunu bilirdi. Amma bu iddianın ömrü çox çəkmədi.
“Bu xəbərlərlə başımızı ağrıdırsınız...”
Növbəti mərhələdə “media rəhbəri” jurnalistikanın nəyi yazıb, nəyi yazmamalı olduğunu müəyyənləşdirməyə başladı. Ölkənin müxtəlif media qurumlarının ictimai əhəmiyyət daşıdığını hesab etdiyi məsələyə öz intellektinin ölçüsü ilə qiymət verərək elan etdi ki, guya bu xəbərlərin heç bir ictimai əhəmiyyəti yoxdur və “bütün günü başımızı ağrıdırsınız”. Yəni əvvəl “tanımıram” dedi, sonra “niyə yazırsınız?” sualına keçdi. Amma üçüncü pərdə daha maraqlı oldu.
“Mən “David”i çoxdan tanıyıram!”
Bir müddət sonra keçmiş serjantın yaddaşı möcüzəvi şəkildə bərpa edildi. Bu dəfə artıq “David”i tanımırdı yox, əksinə, çoxdan tanıyırdı. Hətta məlum oldu ki, Kazım Abbasovla yolları 9 saylı Cəzaçəkmə Müəssisəsində kəsişib. Hər ikisinin hüquq-mühafizə orqanlarında uğursuz xidmət keçmişi olub və sonradan hər ikisi məşhur 178-ci – yəni dələduzluq əməllərinə görə məhkumluq həyatı yaşayıblar. Sonrası isə “David Seliverstov” ətrafında qurulan ayrıca identiklik hekayəsidir.
Kazım Abbasov sonradan “David Seliverstov” obrazında peyda olur, köhnə tanışı isə onun ən fəal müdafiəçilərindən birinə çevrilir. Deməli, dünən “tanımıram”, bu gün isə “çoxdan tanıyıram”. Bundan böyük etiraf da lazım deyil.
Bu “müdafiə kampaniyası”nın kulminasiyası isə Azərbaycan vətəndaşı olmayan “David Seliverstov”un Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinə müraciəti zamanı yaşandı.
Müraciəti yayaraq onun “hüquqlarını” müdafiə edən “media rəhbəri” Prezident Administrasiyasının rəhbərinə soyadını belə düzgün təqdim edə bilmədi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev olduğu halda, o, kameralar qarşısında “Samir Quliyev”dən danışdı. Burada artıq söhbət sadəcə dil sürüşməsindən getmir. Çünki medianın işinə qiymət verən, ictimai əhəmiyyət haqqında mühazirə oxuyan bir adamın Prezident Administrasiyasının rəhbərinin soyadını bilməməsi özü ayrıca satira mövzusudur.
“Uçiteli”ni niyə belə canfəşanlıqla müdafiə edir?
Ən maraqlı sual da budur. Niyə əvvəl “tanımıram” deyən adam sonradan “çoxdan tanıyıram” deyərək “David”in müdafiəsinə qalxır? Niyə əvvəl bu mövzunun ictimai əhəmiyyətsiz olduğunu elan edir, sonra həmin şəxsin müraciətini böyük həvəslə tirajlayır? Və nəhayət, niyə bu müdafiə kampaniyasında faktların özündən daha çox şəxsi tanışlıq ön plana çıxır? Bu sualların cavabını oxucunun ixtiyarına buraxaq. Çünki bəzən insanın sözlərindən çox, sözlərindəki ziddiyyətlər onun haqqında danışır. Bu hekayədə isə ziddiyyətlərin özü artıq ayrıca bir “janr” yaradıb:
Birinci pərdə – tanımıram.
İkinci pərdə – niyə yazırsınız?
Üçüncü pərdə – çoxdan tanıyıram.
Finalda isə “Samir Nuriyev” əvəzinə “Samir Quliyev”.
Rəsmi sənədlərdə olmayan “David Seliverstov”un müdafiəçisi bundan artıq ola bilərdimi?
Musavat.com
Aknews.az