İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi


İcra başçısı 5 min manat təzminat tələb edir Nuranə Abdullayeva məhkəməyə vəsatət verdi
Ağdam Rayon Məhkəməsində 2(5-107)-2837/2026 saylı mülki iş üzrə maraqlı məhkəmə çəkişməsi davam edir.

İddiaçı Agcəbədi rayon icra başçısı Hüseynov Rəfil İsrafil oğlu cavabdeh Abdullayeva Nuranə Allahverdi qızına qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi tələbi irəli sürərək 5 000 manat mənəvi zərərin ödənilməsini tələb edir.
İddiaya səbəb “Kanal15” xəbər portalında Ağcabədi rayon sakininin müraciəti əsasında yayımlanan videomaterial göstərilir.

Cavabdeh Nuranə Abdullayeva isə məhkəməyə təqdim etdiyi vəsatətdə iddia ilə razı olmadığını bildirib.
O qeyd edib ki, mübahisəli videonu özü çəkməyib. Videomaterialın Ağcabədi sakini tərəfindən çəkildiyini və həmin şəxs tərəfindən ictimailəşdirildiyini bildirən Abdullayeva məhkəmədən görüntünün ilkin mənbəyinin araşdırılmasını istəyib.
Cavabdeh həmçinin iddia ərizəsində konkret olaraq hansı ifadənin yalan olduğu, həmin ifadənin yazının hansı hissəsində yer aldığı və məlumatın həqiqətə uyğun olmadığını təsdiqləyən hansı sübutların mövcud olduğu barədə kifayət qədər əsaslandırmanın olmadığını bildirib.
Vəsatətdə qarşı tərəfin mövqeyinin öyrənilməsi üçün material hazırlanmazdan əvvəl WhatsApp vasitəsilə müraciət edildiyi və əlaqə yaratmağa cəhd göstərildiyi də qeyd olunub.
Nuranə Abdullayeva məhkəmədən videomaterialın ilkin müəllifinin müəyyən edilməsini, həmin şəxsin şahid qismində dindirilməsini, WhatsApp yazışmalarının və digər elektron sübutların araşdırılmasını xahiş edib.

O, həmçinin 5 000 manat mənəvi zərər məbləğinin hansı konkret meyarlarla müəyyənləşdirildiyinin əsaslandırılmasını tələb edib.
Məhkəmənin iş üzrə yekun qərarı hələ məlum deyil. İddiaçının mövqeyi və məhkəmənin hüquqi qiyməti ayrıca nəzərə alınacaq.

Kanal15tv.com

Aknews.az

Xəbərlər