Bakıda “İrs Keşikçisi” sənədli filminin Azərbaycan dilində təqdimatı keçirildi


Bakıda “China Media Group” (CMG) tərəfindən hazırlanmış və Çin lideri Si Cinpinin mədəniyyət sahəsindəki siyasətinə həsr olunmuş “İrs Keşikçisi” sənədli filminin Azərbaycan dilində təqdimatı keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə Çinin Azərbaycandakı səfiri Lu Mey, Milli Məclisin deputatları, dövlət və media nümayəndələri, ekspertlər, eləcə də Çin və Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çinin Azərbaycandakı səfiri Lu Mey çıxışında filmin Azərbaycan dilində təqdim olunmasından məmnunluğunu ifadə edib.

O bildirib ki, Çin və Azərbaycan qədim tarixə və zəngin sivilizasiyaya malik ölkələrdir:

“İki xalq arasında əlaqələrin tarixi qədim İpək Yoluna gedib çıxır. Çin lideri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə Çin-Azərbaycan münasibətləri son illərdə hərtərəfli inkişaf edərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Lu Mey vurğulayıb ki, iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər artır, siyasi etimad möhkəmlənir, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində mühüm nəticələr əldə olunur və ikitərəfli ticarət dövriyyəsi yeni rekord göstəricilərə çatır.

O, həmçinin mədəniyyət, təhsil, media, beyin mərkəzləri, turizm, elm və texnologiyalar, gənclər arasında mübadilə və digər sahələrdə humanitar əməkdaşlığın genişləndiyini bildirib:

“İrs Keşikçisi” sənədli filmi “China Media Group”un Çin Radio və Televiziya Mərkəzi tərəfindən Azərbaycan dilində təqdim olunmaq üçün xüsusi hazırlanıb. Filmin Azərbaycan dilində təqdim olunması yalnız Çin və Azərbaycan mediası arasında əməkdaşlığın yeni mərhələsini göstərmir, həm də Azərbaycan tamaşaçılarına Si Cinpinin mədəniyyətə dair baxışlarını və Çinin dövlət idarəçiliyi konsepsiyasının söykəndiyi zəngin mədəni irsi daha yaxından tanımaq imkanı yaradır”.

Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva isə çıxışında mədəni irsin keçmişlə gələcək arasında əlaqəni təmin edən mühüm amil olduğunu deyib.

O qeyd edib ki, Azərbaycanda milli mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

G.Əfəndiyeva Heydər Əliyev Fondunun Azərbaycan-Çin mədəni əlaqələrinin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan və Çin arasında münasibətlər bu gün yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, siyasi, iqtisadi, humanitar və mədəni sahələri əhatə edən geniş tərəfdaşlıq xarakteri daşıyır.

O, “İrs Keşikçisi” kimi layihələrin iki xalqın bir-birinin tarixini, mədəniyyətini və dəyərlərini daha yaxından tanımasına xidmət etdiyini deyib.

“China Media Group”un Çin Radio və Televiziya Mərkəzinin direktoru Van Lu isə filmin Azərbaycan dilində təqdim olunmasına və bu təşəbbüsə göstərilən dəstəyə görə təşəkkür edərək, bunun iki ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verdiyini bildirib.
Aknews.az

Xəbərlər