Şəhid qızı olan tanınmış aktrisa Könül Yusifqızı səhiyyə sistemində qarşılaşdığı problemlə bağlı TƏBİB-i və qurumun yeni rəhbəri Anar Bayramovu sərt tənqid edib.
Bizimesr.media xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında paylaşdığı videoda bir arayışı əldə etmək üçün iki gün ərzində poliklinikaya getməyə məcbur olduğunu bildirib.
Könül Yusifqızı xüsusilə 4 nömrəli Uşaq Poliklinikasında qarşılaşdığı vəziyyətdən narazılığını ifadə edib. Onun sözlərinə görə, müayinə nəticəsini əldə etmək üçün prosesin uzadılmasına səbəb sistemdə yaranan problem və internet bağlantısının işləməməsi olub.
“Kimdir bu 4 nömrəli Uşaq Poliklinikasının baş həkimi? Bir müayinə cavabı almaq üçün niyə mən iki gün gedib-gəlməliyəm? Niyə sisteminiz donur, niyə vay-fay işləmir? Əgər sisteminiz donursa, keçməyin də onlayn rejimə. Bizi niyə incidirsiniz? Baş həkim buna niyə nəzarət etmir?” – deyə aktrisa bildirib.
Aktrisa TƏBİB-in rəqəmsallaşma ilə bağlı fəaliyyətini də tənqid edib. O, müayinə nəticəsinin “MyGov” platformasında göründüyünü, lakin TƏBİB-in sistemində həmin məlumatın əks olunmadığını deyib.
“Ay TƏBİB, yüksək texnologiyalardan danışırsınız. Hanı sənin texnologiyan? MyGov-da cavab çıxır, TƏBİB-in sistemində cavab çıxmır. Bu necə olur? 4 nömrəlidə deyirlər ki, cavab təsdiqlənməyib. Təsdiqlənməmiş cavab necə MyGov-da çıxır?” – deyə Könül Yusifqızı sual edib.
Aktrisa TƏBİB-də rəhbərliyin dəyişməsindən sonra islahatların aparılacağına ümid etdiyini, lakin qarşılaşdığı problemin bu gözləntiləri doğrultmadığını vurğulayıb.
“TƏBİB-ə yeni rəhbərlik gəldi, dedik, yəqin, yeni islahatlar edəcək. Hanı sənin islahatın?” – deyə o bildirib.
Məsələ ilə bağlı TƏBİB-in və 4 nömrəli Uşaq Poliklinikasının mövqeyi hələlik məlum deyil.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Aknews.az