“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı


Özünü beynəlxalq hüquq müdafiəçisi, xeyriyyəçi "Magen David" layihəsinin rəhbəri kimi təqdim edən “David Selivestrov”- Kazım Abbasov ətrafında yaranan qalmaqal yeni mərhələyə qədəm qoyub.
Musavat.com-un apardığı araşdırmalar fonunda bu dəfə “David Selivestrov”la çalışmış, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Səadət Vəliyeva baş verənlərdən danışıb.

Vəkilin açıqlamaları təkcə onun şəxsi mövqeyini deyil, həm də "Magen David" layihəsinin hazırkı vəziyyətini, əməkdaşların davranışını və rəhbərliklə əlaqələrin kəsildiyini göstərən mühüm detalları üzə çıxarır.

Səadət Vəliyevanın sözlərinə görə, mediada yayılan məlumatlardan sonra layihənin Bayılda yerləşən ofisinin fəaliyyəti, demək olar ki, dayanıb.

O bildirir ki, hadisələrdən sonra ofisə getməyib. Bunun əsas səbəbi həm yaranmış vəziyyət, həm də orada saatlarla gözləmək istəməməsidir.

Vəkilin dediyinə görə, əməkdaşlarla telefon əlaqəsi saxladıqda ona bildirilib ki, işçilərin əksəriyyəti artıq ofisə gəlmir. "Mənə dedilər ki, işçilər gəlmir. Hazırda yalnız xadimə olur. Mənim də orada şəxsi əşyalarım qalıb. Götürmək istədim, dedilər ki, heç kim yoxdur, rəhbərlik gələndən sonra xəbər veriləcək".

Bu açıqlama göstərir ki, layihənin fəaliyyəti ciddi şəkildə zəifləyib.

Musavat.com-un suallarını cavablandıran vəkil bildirib ki, baş verənlərdən sonra “David Selivestrov”la əlaqə yaratmağa dəfələrlə cəhd edib.

Onun sözlərinə görə, “David Selivestrov”un istifadə etdiyi telefon nömrəsinə zəng çatmır. Mesajlar da cavabsız qalır. "Bir neçə dəfə yazmışam. Təcili danışmaq istəmişəm. Amma əlaqə yarada bilməmişəm".

“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı


Səadət Vəliyeva əlavə edib ki, layihədə çalışan digər şəxslər ona “David Selivestrov”un ölkə xaricində olduğunu bildiriblər.

Bununla belə, vəkil onun harada olduğunu dəqiq bilmədiyini vurğulayıb.

"Sosial şəbəkədə paylaşım edir, amma zənglərə cavab vermir"

Vəkil deyib ki, “David Selivestrov”un sosial şəbəkə hesablarında müəyyən paylaşımlarını görsə də, telefon əlaqəsinin olmadığını deyir.

"Sosial şəbəkədə paylaşım edir. Amma nömrəsinə zəng çatmır, “vatsap” üzərindən danışa bilmirik.
Bu fikir layihə əməkdaşlarının rəhbərliklə normal kommunikasiya qura bilmədiyini göstərən mühüm detallardan biridir.

Musavat.com-a açıqlamasında Səadət Vəliyeva “David Selivestrov”la birgə fəaliyyətinə də aydınlıq gətirib.

O bildirib ki, mediada yayılan bəzi fikirlərin əksinə olaraq, layihəyə müraciət edən şəxslərin vəkili kimi çıxış etməyib. Onun sözlərinə görə, işi şirkətin daxili hüquqi sənədlərinin hazırlanmasından ibarət olub: “Mən heç kimə hüquqi yardım göstərməmişəm. Mən şirkətin yazışmalarını, cavab məktublarını, hüquqi sənədlərini hazırlamışam”.

Vəkil vurğulayıb ki, onun şəxsi vəkillik fəaliyyəti ayrıca büro vasitəsilə həyata keçirilir və bu fəaliyyət "Magen David" layihəsindən tamamilə ayrıdır.

Səadət Vəliyeva onunla bağlanmış əmək müqaviləsinin necə rəsmiləşdirildiyini də izah edib.

Onun sözlərinə görə, müqavilələr "ƏMAS" sistemi üzərindən elektron qaydada bağlanıb.

Bu səbəbdən o, müqavilənin konkret hansı fiziki şəxslə bağlandığını həmin anda dəqiq xatırlamadığını bildirib.

Vəkil qeyd edib ki, müqavilələr şirkət tərəfindən göndərilir, təsdiq elektron qaydada həyata keçirilir.
Ən mühüm suallarından biri də “David Selivestrov” adının rəsmi sənədlərdə olub-olmaması ilə bağlıdır.
Vəkilin bu suala cavabı diqqət çəkir: “Rəsmi sənəddə həmin adı görüb-görmədiyimi indi xatırlamıram”.
Onun sözlərinə görə, işlədiyi sənədlərin əksəriyyətində şirkətin adı göstərilib, şəxsin adının olduğu sənədlərlə işləməyə ehtiyac yaranmayıb.

Bu açıqlama əvvəlki araşdırmalarında qaldırdırılan sualları yenidən gündəmə gətirir:

“David Selivestrov” adı hansı hüquqi əsaslarla istifadə olunub və bu ad hansı rəsmi sənədlərdə əksini tapıb?

Daxil olan məlumatda “David Selivestrov”un Bayıldakı ofisində hazırda mənimsəməyə görə həbsdə olan N.Məmmədovun qardaşından 90 min manat aldığı, bundan sonra vəkil Səadət Vəliyevanın həmin şəxslə müqavilə bağladığı bildirilir.

Vəkil 90 min manatlıq iddia ilə bağlı da fikirlərini açıqlayıb.


Səadət Vəliyeva bildirib ki, həmin vəsait barədə məlumatı yoxdur. Onun sözlərinə görə, müqavilə bağladığı şəxs başqa olub və pul məsələləri ilə o, məşğul olmayıb: “90 min manat məsələsini bilmirəm. Araşdırma aparılacaqsa, bütün sənədlərimi təqdim etməyə hazıram”.

Müsahibə zamanı müqavilənin hansı şəraitdə bağlanması ilə bağlı suallarımıza cavab verən vəkil bəzi məlumatları açıqlamaqdan imtina edib. O bunu vəkil sirri və müqavilə məxfiliyi ilə əsaslandırıb. Səadət Vəliyeva bildirib ki, bu məlumatları yalnız hüquq-mühafizə orqanlarına və ya Vəkillər Kollegiyasına təqdim edə bilər.

Vəkil etiraf edib ki, mediada yayılan xəbərləri oxuduqdan sonra "pazlları yerinə qoymağa" çalışıb və hadisələrin mahiyyətini anlamağa səy göstərib.

Bu fikir layihədə çalışmış əməkdaşların da baş verənlərdən tam məlumatlı olmadıqları ehtimalını gündəmə gətirir. Səadət Vəliyevanın ən qəti mövqeyi isə işdən ayrılması ilə bağlı olub. O bildirib ki, artıq istefa ərizəsini yazıb və kadrlar şöbəsinə təqdim edib: “Belə vəziyyətdə işləməyin mənası yoxdur. Məni qane etmir. Ərizəmi vermişəm”.

Bu açıqlama göstərir ki, "Magen David" layihəsində çalışan hüquqşünasların bir hissəsi də yaranmış qalmaqaldan sonra əməkdaşlığı davam etdirmək istəmir.

Xatırladaq ki, “David Seliverstov” - Kazım Abbasov dəfələrlə saxta vəsiqələrdən və qanunsuz statuslardan istifadə edib. Buna görə bir neçə dəfə məhkumluq həyatı da yaşayıb.

Barəsində silsilə ifşaedici materiallar yayımlandıqdan dərhal sonra Kazım Abbasov – “David Seliverstov” gecə saatlarında Azərbaycanı tərk edib. Hazırda onun hansı ölkədə olduğu məlum deyil.

Hüquq-mühafizə orqanları və hüquq müdafiəçiləri zərərçəkən vətəndaşları və bu şəxsdən hər hansı formada təzyiq və ya təhdid görənləri çəkinmədən müvafiq qurumlara – Daxili İşlər Nazirliyinə müraciət etməyə çağırırlar.

Aknews.az

Xəbərlər