“David Seliverstov” “şarı” partlayıb, Kazımbala indi də həqiqətlə savaşır


Bəzi şəxslər öz uğursuzluqlarının, maxinasiyalarının və qanunsuz əməllərinin üstünü örtmək üçün hər zaman medianı hədəf seçirlər. Amma həqiqət budur ki, problem mediada deyil, həmin şəxslərin öz davranış modelindədir. Şantaj, aldatma və dələduzluq sxemləri üzərində qurulan heç bir ssenari medianın peşəkar süzgəcindən keçə bilməz. Media yalnız faktlarla işləyir. Fakt isə ortadadır.
Musavat.com-un araşdırmaları nəticəsində sübut olunub ki, özünü xarici iş adamı, xeyriyyəçi və ya “yəhudi əsilli David Seliverstov” kimi qələmə verən şəxs, əslində, Kazım Elşən oğlu Abbasovdur.

İctimaiyyətə təqdim edilən məlumatlara görə, onun kimliyi ilə bağlı suallar təkcə uydurma təxəllüsü ilə məhdudlaşmır. Əlimizdə olan məlumatlara əsasən, onun ata adı belə dəyişdirilib. Bu gün adamın sənədlərində bioloji atasının adı deyil, xalasının həyat yoldaşının adı var. Şair və ya yazıçı olmadığı halda özünə “David Seliverstov” adı götürərək respublika miqyasında müxtəlif şəxslərə, deputatlara və media mənsublarına yanaşan bu şəxsin əsas məqsədi yəhudi kimliyi arxasında gizlənərək etibar qazanmaq və maliyyə tələləri qurmaq olub.

Kazım Abbasovun dosyesi hüquq-mühafizə orqanlarına yaxşı tanışdır. O, təsadüfi bir səhv sahibi deyil, ard-arda eyni tərkibli cinayətlər – dələduzluq, sənəd saxtalaşdırma, vəzifəli şəxsin səlahiyyətlərini özbaşına mənimsəmə, narkotik və digər qanunsuz əməllər törətmiş residivistdir.

Məhkəmə sənədləri və hökmlərində onun hansı maddələrlə məhkumluqları konkret əksini tapıb.

Kazım Elşən oğlu Abbasov Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri (təkrarən və xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, Cinayət Məcəlləsinin 310 və 320.2-ci maddələri - vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və saxta sənədlərdən istifadə etmə cinayətlərini törətməkdə təqsirli bilinərək məhkəmə hökmü ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, cəzaçəkmə yerindən qaçma kimi cinayətlərə görə də müxtəlif müddətlərə barmaqlıqlar arxasına göndərilib. Bəzən bu şəxs öz həbsxana keçmişini “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun keçmişi ilə müqayisə etməyə cəhd edir. Lakin fərq yerlə göy qədərdir.

Rauf Arifoğlu şərəfli bir iş - siyasi və jurnalist fəaliyyətinə görə dustaq olub.

Kazım Abbasov isə sırf dələduzluq, saxtakarlıq və narkotik kimi biabırçı əməllərə görə dəfələrlə barmaqlıqlar arxasına düşüb.

Kazım Abbasovun törətdiyi maliyyə maxinasiyalarının ən səs-küylü məqamlarından biri həbsdə olan keçmiş generalın yaxınlarından alınan 90 min ABŞ dolları (150 min manatdan çox – E.M) məsələsidir.

Kazım Abbasov - “David Seliverstov” hüquqi yardım göstərəcəyi vədi ilə alıb və vədini “unudub”. Kazım Abbasovun vədinin sözdən ibarət olmasını anlayan Nəsimi Məmmədov verdiyi pulu istəyəndə isə bizim bu “qəhrəman” vay-şüvən salıb, düz 8 ay “dinamo” fırladıb.

Məsələ hüquqi və ictimai müstəviyə keçdikdən cəmi 3 gün sonra, əməlinin ictimailəşdiyini görən “David Seliverstov” - Kazım Abbasov aldığı həmin 90 min dolları təcili şəkildə geri qaytarmağa məcbur olub. Ortada bunu sübut edən video da var!

Aydındır ki, vəsaitin sonradan geri qaytarılması törədilmiş cinayət əməlinin mahiyyətini dəyişmir. Əməl törədilib! Üstəlik, “David Seliverstov”un pulunu aldığı Nəsimi Məmmədov, məsələni ictimailəşdirən hüquq müdafiəçisi Çingiz Qənizadə onun tərəfindən təhdid olunub.

İfşa olunduqdan sonra Kazım Abbasov tamamilə təcrid olunmuş, ümidsiz bir durumdadır. Özünə himayədar bildiyi və arxasında duranlar onunla əlaqəni kəsərək telefonlarını söndürüblər. Deputatlar və rəsmi şəxslər onun zənglərinə cavab vermirlər. Media qurumlarının böyük əksəriyyəti bu fırıldaqçı ilə hər cür ünsiyyəti dayandırıb.

Öz ad-soyadını “David Seliverstov” yazaraq rəsmi müraciətlər etməyə çalışan, ortada tək-tənha qalan və bütün qapıları üzünə bağlanan Kazım Abbasov hazırda dərin aqressiya və depressiya içindədir. Məhz bu səbəbdən o, səhv üstündən səhv buraxmaqda, medianı şərləməklə ümidsiz çırpıntılar etməkdə davam edir. Lakin məhkəmə hökmləri, şahid ifadələri və təkzibedilməz faktlar ortadadır - bu həqiqətin qarşısını heç bir şantaj və ya aqressiya ala bilməz.

İndi bir həqiqət var - dələduzluq, sənəd saxtalaşdırma, vəzifəli şəxsin səlahiyyətlərini özbaşına mənimsəmə, narkotik və digər qanunsuz əməllər törətmiş residivistin üfürdüyü “yəhudi” əsilli “beynəlxalq hüquq müdafiəçisi” “David Seliverstov” “şarı” ötən ayın 5-də partlayıb. Ötən ayın 23-də ölkəyə qayıdacağını bəyan edən Kazım Abbasov isə hələ də partlamış “şarı” üfürəcəyinə ümid edir...

Aknews.az

Xəbərlər