Adil Əliyevin yadından çıxan Suraxanı -Sakinlər illərdir "qan ağlayır", o təmiz küçələrdə foto çəkdirir


Bakı şəhərinin mərkəzi prospektləri, “ağ ölüm”dən təmizlənmiş parklar, milyonlar xərclənərək səliqəyə salınan fasadlar paytaxtın gözoxşayan vitrinidir. Amma bu vitrinin arxasında – paytaxtın sərhədləri daxilində, dövlət büdcəsindən milyardların xərcləndiyi bir dövrdə elə ünvanlar var ki, ora baxanda adam 21 əsrdə yox, orta əsrlərin qaranlıq səhrasında yaşadığını zənn edir.
Bəli, söhbət paytaxtın Suraxanı rayonundan – Şövqiyar Abdullayev küçəsindən gedir. Burada yaşayan insanlar yaşamırlar, əsl mənasında sürünürlər. Daha doğrusu, hər gün evdən bayıra çıxanda özlərinə "görən sağ-salamat geri qayıda biləcəyikmi, yoxsa palçığın qoynunda batıb qalacağıq?" sualını verirlər.

Adil Əliyevin yadından çıxan Suraxanı -Sakinlər illərdir "qan ağlayır", o təmiz küçələrdə foto çəkdirir


Kreslosundan qalxmayan məmurlar və unudulan rayon

Təəssüflər olsun ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və digər aidiyyəti qurumların rəhbərləri üçün bu küçə və onun sakinləri sadəcə xəritədəki cansız bir nöqtədən ibarətdir. Rayon rəhbərliyi, İcra Hakimiyyətinin məmurları isti kabinetlərində, yumşaq kreslolarında oturub "hesabat" verməklə məşğul olsunlar, amma Şövqiyar Abdullayev küçəsinin sakinləri üçün hər gün yeni bir fəlakətdir.


Dəfələrlə rəsmi qurumlara müraciət edilib, şikayətlər ünvanlanıb, bələdiyyəyə kollektiv ərizələr verilib. Amma nə fayda?! Hansı məmur ayağını kabinetindən çəkib bu ünvana gəlib? Hansı səlahiyyətli şəxs "görüm bu insanlar necə yaşayır, uşaqlar məktəbə necə gedir" deyə əraziyə baş çəkib? Heç biri! Onlar üçün vətəndaşın problemi yalnız kağız üzərindəki statistikadır. Adil Əliyev başçılıq etdiyi rayonda insanların palçıq içində itib-batdığını, avtomobillərin keçə bilmədiyi, təcili yardımın belə xəstənin qapısına çata bilmədiyi bir küçənin mövcudluğundan xəbərdardırmı? Əgər xəbərdardırsa, niyə bu laqeydlik, niyə bu hüzursuzluq illərdir davam edir?

"Ayaqqabılarımız, paltarlarımız palçıq içində qalır..."

Vəziyyətin nə dərəcədə dözülməz olduğunu anlamaq üçün sadəcə sakinlərin fryadına qulaq asmaq kifayətdir. Bir az yağış yağan kimi Şövqiyar Abdullayev küçəsi keçilməz bataqlığa çevrilir. Küçənin müxtəlif hissələrində yaranan nəhəng gölməçələr, torpaq və çınqılın qarışaraq yaratdığı qatı palçıq kütləsi həm piyadaların, həm də sürücülərin yolunu tamamilə kəsir.

"Yağış yağan kimi küçə bu vəziyyətə düşür. Nə çörək almaq üçün mağazaya rahat gedə bilirik, nə də uşaqları məktəbə aparmaq mümkün olur. Ayaqqabılarımız, paltarlarımız palçıq içində qalır. Uşaqlar məktəbə gedəndə üst-başları çirk içində olur. Bu vəziyyətlə hər yağışda yenidən üzləşirik", – deyə sakinlər haqlı olaraq üsyan edirlər.

Gəlin düşünək: bu ölkənin gələcəyi olan azyaşlı məktəblilər hər səhər təhsil ocağına gedərkən niyə dizə qədər palçığa batmalıdırlar? Valideynlər övladlarını məktəbə qucağında və ya sellofan torbalara bükülmüş ayaqqabılarla aparmağa məcburdurlar. Bəli, 21-ci əsrin Bakısında – paytaxt rayonunun mərkəzinə yaxın bir ərazidə insanlar belə qəddar reallıqla baş-başadırlar.

AAYDA-nın divarları arxasında gizlənən səssizlik: Niyə eşidilmir bu səslər?

Məsələnin digər tərəfi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sərgilədiyi qulaqardınavuran mövqedir. Sakinlər tərəfindən küçənin asfaltlanması məqsədilə Suraxanı bələdiyyəsinə rəsmi ərizə təqdim olunub. Bələdiyyə sədri Nəsib İsmayılov müraciəti qəbul edərək məsələnin AAYDA-ya göndərildiyini bildirib. Lakin o zamandan bəri nə bir rəsmi cavab var, nə də yolun təmiri ilə bağlı hər hansı layihənin adı çəkilir.

Sakinlər haqlı olaraq soruşurlar: AAYDA sakinlərin müraciətini niyə eşitmir? Qurumdan nə "yolu çəkəcəyik" deyən var, nə də "çəkməyəcəyik" cavabını verən. Tam bir qeyri-müəyyənlik hökm sürür. Vətəndaşlar bilmirlər ki, bu dövlət qurumlarına ümid bağlasınlar, yoxsa başqa çıxış yolu axtarsınlar.

Sürücülər də bu bərbad yoldan əziyyət çəkirlər. Çala-çuxurlar səbəbindən minik avtomobillərinin asqı sistemi (hodovoyu) sıradan çıxır, təkərlər yararsız hala düşür. Gecə saatlarında isə küçənin işıqlandırılmasının olmaması və yolun qəza vəziyyəti təhlükəni ikiqat artırır. Sakinlər dəfələrlə öz imkanları hesabına küçənin iri çuxurlarını daş və çınqıl ilə doldurmağa çalışsalar da, ilk yağış və ya intensiv hərəkət hər şeyi yenə əvvəlki vəziyyətinə qaytarıb.


Səbr kasası daşıb: İnsanlar başqa bir yağış mövsümünü gözləmək istəmirlər

İllərdir davam edən bu bərbadlığın artıq həddi aşılıb. Payız mövsümünün gəlişi, qarşıdan gələn yağışlı günlər sakinlərin təşvişini daha da artırır. Onlar illərdir süründürücülüklə üzləşdiklərini, yerli hakimiyyət nümayəndələrinin isə yalnız şüarlar səsləndirməkdən başqa heç nə etmədiyini açıq şəkildə bildirirlər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və digər aidiyyəti qurumların rəhbərləri anlamalıdırlar ki, vətəndaşların tələbi lüks və ya həddindən artıq istək deyil. Söhbət normal, insanlara layiq olan yaşayış şəraitindən – evdən çıxıb işə getmək, uşağı məktəbə aparmaq, təcili yardımın vaxtında ünvana çatması üçün təmiz və asfaltlanmış yoldan gedir.

Şövqiyar Abdullayev küçəsinin sakinləri tələblərində qətilidirlər: illərdir davam edən bu problem dərhal diqqətə götürülməli, küçə əsaslı şəkildə təmir olunmalı, asfaltlanmalı və yağış sularının axıdılması üçün zəruri infrastruktur qurulmalıdır.

Unutmayın ki, dövlət vətəndaşına xidmət etmək üçün mövcuddur. Məmurlar isə o kresloları xalqın problemlərini həll etmək, onları səhralıqdan qurtarmaq üçün tutublar, kabinetlərdə gizlənmək üçün yox! Şövqiyar Abdullayev küçəsinin sakinləri isə artıq səbr etmək niyyətində deyillər – onların səsi eşidilməli, bu haqsızlığa son qoyulmalıdır!(nocomment.az)
Aknews.az

Xəbərlər