“Bu, hamımızı maraqlandıran həssas məsələdir. Ona görə də bu məsələdə qarşılıqlı məqbul həllə nail olmaq vacibdir. Ərazilərin mübadiləsi isə ümumxalq səsverməsi yolu ilə həyata keçirilməlidir”.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə söhbətində Baş nazir Nikol Paşinyanın Ermənistan və Azərbaycanın ərazilərində anklav və eksklavların olmaması - ərazilərin mübadiləsinin mümkünlüyü barədə bəyanatını şərh edərkən deyib.
“Əgər hər iki cəmiyyəti qane edən həll yolu tapılarsa, bu, tərəflər arasında etimadın möhkəmlənməsinə və gələcəyə mümkün qədər maneəsiz irəliləməyə kömək edəcək. Çünki anklav və eksklavlar münasibətlərdə hər şey mükəmməl olsa belə, texniki baxımdan ölkələrin həyatını çətinləşdirir. Azərbaycanlıların mövqeyini bilirsiniz. Onlar deyirlər ki, Konstitusiya dəyişməyincə, sazişi imzalamayacaqlar”, - Mirzoyan qeyd edib.
Nazir ərazilərin mübadiləsinin necə həyata keçirilə biləcəyini belə izah edib:
“Tutaq ki, hər iki tərəfin digərinin ərazisinin daxilində 70 kvadratkilometr ərazisi var. Ya sərhəd bir qədər dəyişdirilir və anklavlar aradan qaldırılır, ya da deyirik ki, həmin 70 kvadratkilometr sənə, bu 70 kvadratkilometr isə bizə qalsın. Bəllidir ki, burada dəqiq bərabərlik olmayacaq, müəyyən dəyişikliklər etmək lazım gələcək. Amma hazırda heç bir razılaşma yoxdur. Sadəcə hər iki tərəf bu məsələni elə variantlarla həll etməyə hazırdır ki, gələcəkdə hər iki xalqın və vətəndaşların həyatı çətinləşməsin”.
Aknews.az