Bağçada dəhşət: "Məndən 5 min manat tələb etdi" - Video


Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb.
Aknews.az Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyini iddia edir.

Valideynin sözlərinə görə, hadisə oktyabrın 9-da saat 17:04 radələrində "Laləli" adlı uşaq bağçasında baş verib.

O iddia edir ki, azyaşlı övladı təxminən 1.5 metr hündürlüyündə olan sürüşkəndən yıxılıb.

"Müəllimlər uşağı götürsələr də ona ilkin tibbi yardım göstərilməyib, təcili tibbi yardıma məlumat verilməyib. Saat 17:28-də uşağı götürməyə gələn qohumumuza sadəcə yıxıldığını bildiriblər", - deyə Yaqub Yasinov bildirib.

Şikayətçinin sözlərinə görə, işdən gec qayıtdığı üçün övladını saat 21:00-da xəstəxanaya aparıb. Rentgen müayinəsi zamanı uşağın qolunda iki sınıq olduğu müəyyən edilib.

Yaqub Yasinov hadisədən sonra bağça rəhbəri Lalə Əzimovanın onunla əlaqə saxladığını, oktyabrın 11-də isə görüşdüklərini bildirib.

O qeyd edib ki, bağça rəhbəri hadisəyə görə məsuliyyət daşıyan əməkdaşın işdən azad olunduğunu deyib və valideynin tələblərini qəbul etməyərək məsələni hüquqi yolla həll etməyi təklif edib.

"Biz aylıq ödəniş etmirik ki, uşağımızın qolunu-qıçını sındırsınlar, sonra da desinlər ki, get haraya şikayət edirsən, et" - deyə valideyn narazılığını ifadə edib.

Bağça rəhbəri Lalə Əzimova isə valideynin səsləndirdiyi ittihamlarla razılaşmayıb.

O bildirib ki, hadisə baş verən zaman uşağa ilkin yardım göstərilib və valideyninə məlumat verilib.

"Anladıq ki, ata gəlir əldə etmək istəyir. Bizdən 5 min manat pul tələb edirdi", - deyə L.Əzimova sözlərinə əlavə edib.

Xəbərlər