"Binə"nin vergi "dərdi" - günah kimdədir?


Son dövrlər istehlakçı hüquqlarının pozulması, xüsusilə də ictimai iaşə obyektlərində nağdsız ödənişlərin qəbul edilməsindən yayınma və qanuni çeklərin verilməməsi halları yenidən aktuallaşıb. Növbəti belə xoşagəlməz hal Binə Ticarət Mərkəzində yerləşən "Zəmzəm" restoranında qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, vətəndaş sözügedən restorana daxil olaraq sifariş verib.
Sifariş tamamlandıqdan sonra hesab istənilib və ödənişin post-terminal vasitəsilə həyata keçirilməsi tələb olunub. Lakin obyektin əməkdaşları tərəfindən müştəriyə müxtəlif bəhanələr gətirilib: ilk olaraq ofisiant ödənişin kartdan-karta köçürmə yolu ilə edilə biləcəyini bildirib, lakin müştəri qanuni şəkildə post-terminal təqdim olunmasını tələb edib.

"Binə"nin vergi "dərdi" - günah kimdədir?

Növbəti dəfə hesabı gətirən digər ofisiant da post-terminal təqdim etməkdən yayınıb. Bir müddət sonra nəhayət post-terminal gətirilsə də, ödəniş tutulduqdan sonra müştəriyə ƏDV (Əlavə Dəyər Vergisi) çeki verilməyib.
Tələb olunandan sonra isə müştəriyə üzərində oxunması mümkün olmayan, ƏDV məlumatları və rəsmi rekvizitləri əks olunmayan qeyri-qanuni çek təqdim edilib. Müştəri rəsmi və ƏDV-li çekin verilməsini tələb etdikdə ise restoran əməkdaşları obyektin 7 aydan çoxdur fəaliyyət göstərməsinə baxmayaraq, hələ də POS-terminalların ƏDV çekləri verəcək şəkildə quraşdırılmadığını bildiriblər. Restoran nümayəndələri guya bu cür halların adəti olduğunu iddia edərək müştəriləri narazı şəkildə yola salmağa çalışıblar.

Təəssüf doğuran məqam odur ki, Binə Ticarət Mərkəzi ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektlərində və ticarət məntəqələrində post-terminal sistemlərindən istifadə olunması sahəsində ciddi problemlər hökm sürür. Vətəndaşlar hər dəfə bu cür hallarla qarşılaşdıqda restoran işçiləri tərəfindən haqsız münasibətlə üzləşirlər. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai iaşə obyektlərində ödənişlərin məcburi qaydada post-terminal vasitəsilə qəbul edilməsi və müştərilərə ƏDV qəbzinin (çekinin) təqdim olunması tələb edilir. Bu cür tələblərin yerinə yetirilməməsi və vətəndaşların hüquqlarının pozulması yolverilməzdir.
Məsələ ilə bağlı müvafiq qurumlara, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi sorğu göndərilib.


Aknews.az

Xəbərlər