İxtisarlar, aşağı əməkhaqqı, azalan mükafatlar, təminatsızlıq, yararsız avtobuslar və işçilərin narazılığı... Bakı Gəmiqayırma Zavodunda çalışan əməkdaşlar bildirirlər ki, problemlər ictimailəşdirilsə də, onların səsinə hələ də lazımi reaksiya verilmir.
Bir müddət əvvəl, avqust ayında ATATV.az saytında Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibinə daxil olan Bakı Gəmiqayırma Zavodunda işçilərin üzləşdiyi problemlərlə bağlı geniş material dərc etmişdik. Həmin yazıda zavodda nəqliyyat təminatından tutmuş əməkhaqqı, qanunsuz hesab edilən ixtisarlar, veteran və qazilərə münasibət, iş şəraiti və əməkdaşların sosial təminatına qədər bir sıra ciddi narazılıqlar işıqlandırıb.
Lakin görünən odur ki, problemlərin mətbuatda qabardılması hələ onların həllinə gətirib çıxarmayıb. Redaksiyamıza yenidən müraciət edən zavod əməkdaşları bildirirlər ki, əvvəlki şikayətlərindən sonra da vəziyyətdə nəzərəçarpacaq dəyişiklik baş verməyib. İşçilərin sözlərinə görə, narazılıqlarını dilə gətirməkdə davam etsələr də, rəhbərlik səviyyəsində onların problemlərinə münasibət dəyişmir. Köhnə hamam, köhnə tas idarəetmə forması qüvvədədir. Nə işçi dinlənilir, nə də şikayətə baxılır.
Ən narahatedici məqam isə odur ki, artıq işçilər problemləri açıq şəkildə dilə gətirməkdən çəkinirlər. Çünki şikayət etdikləri təqdirdə işlərini itirə biləcəklərindən ehtiyatlanırlar. Beləliklə, ağır sənaye müəssisəsində çalışan, ailəsini dolandırmaq üçün gündəlik zəhmət çəkən insanlar bir tərəfdən çətin əmək şəraiti, digər tərəfdən isə işsiz qalmaq qorxusu arasında seçim etmək məcburiyyətində olduqlarını bildirirlər.
İxtisarlar davam edir, işçilər kompensasiyasız işdən ayrılmağa məcbur edilir?
İşçilərin əvvəlki müraciətlərində xüsusi yer tutan məsələlərdən biri zavodun boru şöbəsində aparıldığı bildirilən ixtisarlarla bağlı idi. Şikayətçilərin iddiasına görə, beş il və daha artıq iş təcrübəsi olan əməkdaşlara belə öz ərizələri ilə işdən çıxmaları təklif olunur. Onların sözlərinə görə, işçilərə gələcəkdə istehsalat yenidən canlanacağı təqdirdə işə geri çağırılacaqları vəd edilir.
İşçilər bildirirlər ki, bu vədlər fonunda əməkdaşlardan öz istəkləri ilə işdən ayrılmaları barədə ərizə yazmaları tələb olunur. Əks halda, gələcəkdə yenidən işə dəvət edilməyəcəkləri ilə bağlı xəbərdarlıqlarla üzləşdiklərini iddia edirlər.

Bakı Gəmiqayırma Zavodunda işçilərin şikayətləri niyə nəticəsiz qalır? Aylardır gündəmdə olan problemlər hələ də həllini tapmayıb
Burada mühüm hüquqi məsələ də ortaya çıxır: əmək müqaviləsinə xitam verilməsi işəgötürənin təşəbbüsü, işçinin öz təşəbbüsü və ya digər qanuni əsaslarla həyata keçirilə bilər. İşçinin könüllü ərizə yazmağa məcbur edilməsi isə ayrıca hüquqi qiymətləndirmə tələb edən məsələdir. Əgər ixtisar aparılırsa, qanunvericiliklə nəzərdə tutulan prosedurların, xəbərdarlıq və müvafiq kompensasiya öhdəliklərinin yerinə yetirilməsi vacibdir.
İşçilərin əsas sualı isə dəyişməz qalır: uzun illər zəhmət çəkmiş əməkdaşlar niyə hüquqlarını tələb etmək əvəzinə, öz ərizələri ilə işdən ayrılmağa məcbur olduqlarını hiss etməlidirlər? Qarşıdan soyuq qış ayları gəlir. İş tapmaq çətin, işdənçıxarılma isə məcburidir. İşçilər deyir ki, çox çətin və qeyri-insani bir idarəetmə formasında işləmək, əmək sərf etmək məcburiyyətində qalıblar.
Qazilərə və veteranlara göstərilən diqqət niyə azalıb?
Əvvəlki yazımızda zavodda çalışan qazi və veteran statuslu əməkdaşların da narazılıqlarını diqqətə çatdırmışdıq. Onların iddiasına görə, hər il 8 Noyabr – Zəfər Günü münasibətilə nəzərdə tutulan 500 manatlıq qayğı ödənişi əvvəlki illərlə müqayisədə azaldılıb, bəzi hallarda isə ümumiyyətlə verilməyib.
İşçilər bildirirlər ki, ötən il bu məbləğin təxminən 150 manat civarında olduğu qeyd edilib və etiraz edənlərə büdcədə vəsaitin olmadığı bildirilib.
Onların sözlərinə görə, əvvəlki rəhbərlik dövründə qazi və veteran əməkdaşlara xüsusi diqqət göstərilir, onların xatirəsi və xidmətləri müəssisə daxilində müxtəlif təşəbbüslərlə qeyd olunurdu. İndi isə bu diqqətin əvvəlki səviyyədə olmadığını düşünürlər. Daha doğrusu, olmayıb. Nə qaziyə, nə də veterana hörmət var.
İşçilər keçmiş rəhbər Elşad Nuriyevin dövründə qazi və veteranlar üçün xüsusi lövhənin hazırlanmasını, onların şəkillərinin yerləşdirilməsini belə bir diqqət nümunəsi kimi xatırlayırlar.
Hazırkı rəhbərlik dövründə isə rəhbərlə birbaşa görüşmək, problemləri şəxsən çatdırmaq imkanlarının məhdudlaşdığını iddia edirlər. Onların sözlərinə görə, müraciətlər əsasən köməkçilərə yönləndirilir və bir çox məsələ cavabsız qalır.
Növbəti 8 Noyabr – Zəfər Günü gəlir. Qazi və veteran əməkdaşlar iki ay öncədən bu dəfə onlara hansı münasibətin göstəriləcəyini, ənənəvi qayğı ödənişinin verilib-verilməyəcəyini narahatlıqla gözləyirdilər. Ancaq heç bir münasibət də göstərilməyib.
Yararsız avtobuslar təhlükə mənbəyi olaraq qalır?
Avqust ayında dərc etdiyimiz materialda zavod əməkdaşlarının daşınmasında istifadə olunan avtobusların texniki vəziyyəti ilə bağlı ciddi iddialar da yer almışdı.
Həmin vaxt redaksiyaya göndərilən foto və videolarda çoxsaylı avtobusların təkərlərinin altına daş qoyulduğu görünürdü. İşçilər bunu avtobusların əyləc sistemindəki problemlərlə əlaqələndirir, bəzi nəqliyyat vasitələrində əl əyləcinin işləmədiyini iddia edirdilər.
Şikayətçilərin sözlərinə görə, “BP Exploration (Caspian Sea) Limited” şirkətinə məxsus olduğu bildirilən avtobuslar təxminən 11 ildir ki, hərrac yolu ilə əldə edilərək işçilərin daşınmasında istifadə olunur. Qarşıdan qış gəlir və eyni avtobuslarla təhlükəli hərəkət işçi heyyətin həyatını ciddi təhlükə altına qoyur. İşçilər artıq çıxılmaz vəziyyətdədir.
İşçilər bildirirlər ki, xüsusilə Ələt-Qobustan istiqamətində köhnə və yararsız nəqliyyat vasitələrindən istifadə olunur. Şəhər istiqamətində isə nisbətən yaxşı vəziyyətdə olan avtobuslar hərəkət edir.
Qışda soyuq, yayda isə dözülməz dərəcədə isti olan avtobuslarla gündəlik işə gedib-gəlmək əməkdaşlar üçün əlavə əziyyətə çevrilib. Hətta bəzi işçilərin təhlükəsizliklə bağlı narahatlıqlarına görə avtobuslardan imtina edərək öz imkanları hesabına işə gedib-gəldikləri bildirilir.
İşçilərin sualı isə açıqdır: Müasir və beynəlxalq səviyyəli gəmiqayırma müəssisəsində çalışan əməkdaşların təhlükəsiz nəqliyyatla təmin olunması niyə bu qədər çətin olmalıdır? Zavod rəhbərliyi daha çox pul qazanacaq deyə sadə işçi gününü təhlükə altında keçirməli, hər an sağlamığını və həyatını itirmək təhlükəsi altında keçirməlidir.
Ağır sənaye müəssisəsində 600-700 manatlıq əməkhaqqı: zəhmətin qarşılığı budurmu?
İşçilərin narazılığının əsas istiqamətlərindən biri də əməkhaqqı və əlavə iş saatlarının hesablanmasıdır.
Şikayətçilər bildirirlər ki, zavodun böyüklüyü, həyata keçirilən layihələrin miqyası və istehsalat sahəsindəki ağır əmək şəraiti nəzərə alındıqda, 600-700 manat civarında olan əməkhaqqı onların zəhmətinin qarşılığını vermir.
Onların sözlərinə görə, bəzi əməkdaşlar əlavə iş saatlarına çıxmaqla belə, aylıq gəlirlərini 1000 manata çatdıra bilmirlər.
İşçilər xarici əməkdaşlarla yerli əməkdaşlar arasında əlavə iş saatlarına görə ödənişlərdə fərq olduğunu da iddia edirlər. Bildirirlər ki, xarici işçilərə daha yüksək məbləğdə “mesaye” ödənildiyi halda, yerli əməkdaşlar eyni əməyə görə dəfələrlə az vəsait alırlar.
Onların izahına görə, həftəiçi iş saatından əlavə iki saatlıq işin dörd saat, şənbə günü isə səkkiz saatlıq işin 16 saat kimi hesablanması tətbiq edilir. Bununla belə, əlavə işdən əldə edilən gəlir belə onların gözlədiyi səviyyədə deyil.
İşçilər Bibiheybətdəki gəmi təmiri zavodu bağlandıqdan sonra oradan gələn əməkdaşların daha yüksək əməkhaqqı ilə işə qəbul edildiyini, onlara gündəlik zavoda daxil olduqları andan “dəniz əmsalı” hesablandığını da iddia edirlər. Digər əməkdaşların isə bu imkandan yalnız birbaşa gəmidə çalışdıqları halda yararlana bildiklərini bildirirlər.
Bu fərqlərin hansı meyarlarla müəyyənləşdirildiyi və eyni müəssisədə çalışan əməkdaşların əməkhaqqı sistemində hansı prinsiplərin tətbiq edildiyi sual doğurur.
“Mesaye bizim artıq saat işləyərək, öz zəhmətimizlə qazandığımız puldur. Bu, əməkhaqqımızın əvəzi deyil. Normal maaş alsaq, niyə əlavə saatlarla ailəmizdən, istirahətimizdən keçək?” – deyə işçilər hələ də narazılığını ifadə edir.
Layihələr artır, mükafatlar isə niyə azalır?
İşçilərin fikrincə, müəssisədə layihələrin və istehsalat işlərinin həcminin artması əməkdaşların sosial və maddi vəziyyətində də öz əksini tapmalıdır.
Onlar əvvəlki illərdə bayram günlərində və layihələrin icrası zamanı mükafatların verildiyini, hazırda isə bu ənənənin zəiflədiyini bildirirlər.
“Əvvəl bir layihə həyata keçiriləndə əməkhaqqımızla yanaşı, mükafat da alırdıq. İndi bir deyil, bir neçə layihə icra olunur, amma maaşımız eyni qalır, mükafat isə yoxdur. Bəzən əlavə iş saatlarının pulunu da vaxtında ala bilmirik”, – deyə əməkdaşlardan biri bildirir.
İşçilərin sözlərinə görə, əlavə iş saatlarına çıxmaq onlar üçün könüllü seçimdən daha çox, aşağı əməkhaqqının yaratdığı maddi zərurətdir.
Onlar həmçinin istehsalat sahələrində əməkdaşlara münasibətdə həddindən artıq sərt nəzarət tətbiq edildiyini iddia edirlər. Şikayətçilərin bildirdiyinə görə, bəzi hallarda işçilərin ən kiçik hərəkətləri belə fotoşəkillərlə qeydə alınaraq rəhbərliyə göndərilir, bundan sonra əməkdaşlar tənqid və intizam tədbirləri ilə üzləşirlər.
İşçilər hesab edirlər ki, təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət vacib olsa da, bu proses əməkdaşların hüquqlarını və istehsalat şəraitinin reallıqlarını nəzərə almaqla aparılmalıdır. Ancaq bütün şikayətlərə laqeyd münasibət sərgilənir.
Əlcəkdən təbaşirə qədər: istehsalat sahələrində təminat problemi
Əvvəlki müraciətlərdə diqqətə çatdırılan digər məsələ gündəlik iş üçün zəruri olan ləvazimatların təminatıdır. İşçilər qeyd edir ki, hələ də təminat ciddi problemdir.
İşçilərin iddiasına görə, quraşdırıcıların istifadə etdiyi təbaşir, metrə, qalın əlcək kimi sadə, lakin vacib vasitələr belə uzun müddətdir ki, istehsalat sahələrində çatışmır.
Bununla yanaşı, sanitar qovşaqların, hamamların və digər məişət şəraitinin də qənaətbəxş olmadığı bildirilir.
“Bir kran xarab olanda aylarla düzəlmir. Hamam və ayaqyolu bərbad vəziyyətdədir. İki yaşlı işçi oranı təmiz saxlamasa, vəziyyət daha da pis olar. Nə soruşuruqsa, sifariş verildiyini və gələcəyini deyirlər. Amma təminat yoxdur”, – deyə əməkdaşlardan biri bildirir.
Xüsusilə ağır sənaye müəssisəsində çalışan qaynaqçıların, quraşdırıcıların və digər istehsalat işçilərinin təhlükəsizliyi üçün lazımi fərdi mühafizə vasitələrinin və iş ləvazimatlarının vaxtında təmin edilməsi zəruridir.
İşçilər hesab edirlər ki, müəssisədə texnologiyaya və layihələrə ayrılan diqqət əmək şəraitinin yaxşılaşdırılmasına da yönəldilməlidir.
Beynəlxalq səviyyəli zavodun uğuru sıravi işçilərin zəhməti hesabına əldə olunmurmu?
Xatırladaq ki, Bakı Gəmiqayırma Zavodunun tikintisinə 2010-cu ildə başlanılıb, müəssisə 2013-cü ildə fəaliyyətə başlayıb. Layihənin əsas məqsədlərindən biri Azərbaycanın gəmiçilik sahəsində idxaldan asılılığını azaltmaq, Xəzər donanmasını müasirləşdirmək və ölkənin gəmiqayırma potensialını inkişaf etdirmək olub.
Müəssisənin fəaliyyət istiqamətləri müxtəlif təyinatlı gəmilərin layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulmasını əhatə edir.
Zavodun rəsmi təqdimatlarında müasir texnologiyalar, yüksək mühəndislik potensialı və regionda aparıcı mövqe xüsusi vurğulanır.
2025-ci ilin birinci rübünə dair təqdim edilmiş göstəricilərdə də Ro-Pax tipli gəmi üzrə tikinti göstəricisinin ötən ilin müvafiq dövründəki 17,52 faizdən 56,32 faizə, tanker tipli gəmi üzrə isə 17,89 faizdən 66,97 faizə yüksəldiyi qeyd olunurdu.
Belə bir müəssisədə istehsalatın əsas yükünü daşıyan mühəndislərin, qaynaqçıların, quraşdırıcıların və digər sıravi əməkdaşların əmək şəraiti, təhlükəsizliyi və sosial təminatı da inkişaf göstəricilərinin ayrılmaz hissəsi olmalıdır.
Çünki gəmi tikən, ağır metal konstruksiyalarla işləyən, yüksək temperatur və təhlükəli istehsalat şəraitində çalışan insanların əməyini lazımi səviyyədə qiymətləndirmədən beynəlxalq səviyyəli müəssisə imicindən danışmaq nə dərəcədə əsaslıdır?
Sentyabrda yazdıq, indi isə yenidən soruşuruq: niyə tədbir görülmür?
Ən mühüm məqam budur ki, sadalanan problemlər ilk dəfə bu gün gündəmə gətirilmir. Avqust ayında dərc etdiyimiz materialda işçilərin narazılıqları, təqdim etdikləri foto və videolar, əmək şəraiti ilə bağlı iddiaları ictimaiyyətin diqqətinə çatdırılmışdı.
Lakin redaksiyamıza yenidən müraciət edən əməkdaşlar bildirirlər ki, problemlərin ictimailəşdirilməsindən sonra da onların gözlədiyi dəyişiklik baş verməyib. Onlar əvvəlki şikayətlərinin cavabsız qaldığını, iş şəraitində ciddi yaxşılaşma görmədiklərini və narazılıqlarının davam etdiyini deyirlər.
Burada söhbət təkcə əməkhaqqının azlığından və ya bayram mükafatlarının verilməməsindən getmir. Söhbət insan həyatının təhlükəsizliyindən, əmək hüquqlarına hörmətdən, işçinin sosial təminatından, sağlam və ləyaqətli əmək şəraitindən gedir.
AZCON rəhbərliyi və Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi qarşısında suallarımız yenə də qüvvədədir:
İstehsalat sahələrində aparıldığı bildirilən ixtisarların hüquqi əsasları nədən ibarətdir?
İşçilərin öz ərizələri ilə işdən ayrılmağa məcbur edilməsi iddiaları araşdırılıbmı?
Əməkdaşların daşınmasında istifadə olunan avtobusların texniki vəziyyəti yoxlanılıbmı?
Yerli və xarici əməkdaşlar arasında əlavə iş saatlarına görə ödəniş fərqlərinin səbəbi nədir?
Qazi və veteran əməkdaşlar üçün nəzərdə tutulan sosial dəstək və bayram ödənişləri hansı qaydada həyata keçirilir?
İstehsalat sahələrində zəruri iş ləvazimatları və fərdi mühafizə vasitələrinin təminatı niyə lazımi səviyyədə deyil?
İşçilərin sentyabr ayında ictimailəşdirilən şikayətlərindən sonra hansı konkret tədbirlər görülüb?
Əməkdaşların tələbi imtiyaz deyil, zəhmətlərinə uyğun münasibət, təhlükəsiz iş şəraiti və qanunla nəzərdə tutulan hüquqlarının təmin edilməsidir.
Bir müəssisənin uğuru yalnız inşa etdiyi gəmilərin sayı, həyata keçirdiyi layihələr və istehsalat göstəriciləri ilə ölçülməməlidir. Həmin gəmiləri ərsəyə gətirən insanların necə şəraitdə işlədiyi, əməyinin necə qiymətləndirildiyi də ən azı bu göstəricilər qədər əhəmiyyətlidir.
ATATV.az olaraq məsələni yenidən gündəmə gətirməklə məqsədimiz hər hansı tərəfi əvvəlcədən təqsirli elan etmək deyil. Məqsəd işçilərin səsləndirdiyi iddiaların araşdırılması, aidiyyəti qurumların münasibət bildirməsi və problemlərin həllinə nail olunmasıdır.
Qeyd: Qarşı tərəfin – AZCON Holdinqinin və Bakı Gəmiqayırma Zavodunun rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq. Avqust ayında olduğu kimi, bu dəfə də ünvanladığımız suallara rəsmi cavab gözləyirik.
Material ATATV.az saytının redaksiyası tərəfindən hazırlanıb.
Aknews.az