Şəkidə fəaliyyət göstərən “Azəri kooperasiyası” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifovun cinayət işi üzrə bəzi detallar məlum olub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, T. Lətifovun tanışı Sevil Səlimova ilə arasında münaqişə yaranıb.
Bu zaman iş adamı qadını şiddətli şəkildə döyüb. Sevil Səlimovanı döyməsi, ona şiddət göstərməsi ilə bağlı cinayət işi araşdırılır.
Lətifovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Bu iş üzrə istintaqı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi aparıb.
Sevil Səlimovanın oğlu Vasif Səlimovun vəkili Cahan Səmədov Teleqraf-a bildirib ki, cinayət işi üzrə istintaq Şəki Rayon Məhkəməsinə göndərilib və istintaq hərəkətləri davam etdirilir.
Vəkil qeyd edib ki, T.Lətifov Sevil Səlimovanı 2019-cu ildə döydüyü üçün cinayət işi açılıb: “Tehran Lətifovu ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə aid olan hissəsində azadlıqdan məhrum etmə cəzası gözləyir. Həmin maddə ilə təqsirli bilinən şəxs 2 ildən 5 ilə qədər cəza ilə cəzalandırılır. Tehran Sevildən şikayətini geri götürməsini istəyib. Amma bütün cəhdlərinə rəğmən, şikayətini geri götürməyib. Bundan sonra Tehran oyun qurmağa başlayıb, Sevilin oğlu Vasifi tutdurmaq istəyib. Onun üzərindən Sevilə təzyiq etmək niyyətinə düşüb. Bu təzyiqlər nəticəsində Sevilin şikayətini geri götürməsinə nail olmağa çalışıb. Bu niyyəti alınandan sonra isə Tehran Vasifi guya təmizə çıxarmalı idi”.
