"Naxçıvan şəhərində vaxtında veriblər, niyə Şərurda verməyiblər?" - ETİRAZ VAR!


Şərurda yaşayış binalarının sakinləri evlərində soyuqdan donduqlarını deyirlər. Yeni qrafikə görə, Naxçıvanda istilik noyabrın 1-dən verilməli olsa da, Şərurda hələ istiliyin verilmədiyi bildirilir.
“Gündəlik Naxçıvan”a danışan sakinlərin sözlərinə görə, havalar kəskin soyuyub, evlərdə uşaqlar və yaşlılar soyuqdan əziyyət çəkirlər. Sakinlər istiliyin noyabrın 15-dək yubadılmasına etiraz edirlər.

Rayon sakini M. Qasımov deyir ki, istiliyin gecikməsini onlara icra hakimiyyətinin tapşırığı ilə izah ediblər:

“Küləklə bərabər yağış yağması havanı anidən soyudub, istilik isə yoxdur. Muxtar respublikada İstilik ayın 1-də veriləcəkdi, bizə verməyiblər. Naxçıvan şəhərində vaxtında veriblər, niyə Şərurda verməyiblər? Axı bu, Nazirlər Kabinetinin göstərişidir. Şərurun icra başçısı öz bildiyini edir, heç kimi saymır. Buna ‘dur’ deyən olacaq? Özümüz də, uşaqlar da donuruq”.

Digər sakin N. Seyidov isə soyuğun evdəki yaşlı xəstənin vəziyyətini ağırlaşdırdığını deyir:

“Evlər buz kimidir. Şərura yağış yağır, külək əsir. Evdə qoca var, uşaq var. Evimizdə xəstə yaşlı insan var. Soyuq onun vəziyyətini daha da ağırlaşdırır. Mart-aprel aylarında istilik pulu veririk, onda hava isti olur, istilik vermirlər. Bizə istilik indi lazımdır. Xahiş edirik ki, aidiyyəti qurumlar dərhal reaksiya versinlər”.
Aknews.az

Xəbərlər