TƏBİB-in sabiq şefi Vüqar Qurbanovun vəzifədən alınması Sumqayıt Tibb Mərkəzindəki (STM) narazılığı bir qədər də gücləndirib.
Bizimesr.az-a daxil olan məlumatlara görə, Mərkəzə müraciət edən vətəndaşlar uzun illərdir müxtəlif problemlərlə üzləşdiklərini deyirlər - ya növbə bitib, ya müayinələr sığorta çərçivəsinə aid deyil, ya da fərqli əməkdaşlardan fərqli cavabları alan vətəndaşlar bildirir ki, uzun illər davam edən bu problemlər artıq insanları boğaza yığıb.
2021-ci ildə Sumqayıt şəhər Səhiyyə Şöbəsinin bazasında 17 tibb müəssisəsinin birləşdirilməsi ilə Sumqayıt Tibb Mərkəzi yaradılıb. Mərkəzin direktoru vəzifəsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq icraçı direktoru Vüqar Qurbanovun şəxsi təqdimatı ilə Elnur Azadxanova həvalə olunub. Elnur Azadxanov bundan əvvəl Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru olub.
Məlumatlara görə, STM-nin direktoru Elnur Azadxanov Vüqar Qurbanovun yaxın dostlarından olub və onun dəstəyinə arxalanaraq istədiyini edə bilib. Vüqar Qurbanovun vəzifədən çıxarılmasından sonra isə Elnur Azadxanov təcili şəkildə məzuniyyətə çıxdığı iddia olunur.
Vətəndaşlar ümid edirlər ki, TƏBİB-in sabiq rəhbərinin yoxluğundan sonra Sumqayıt Tibb Mərkəzində rəhbərlik də dəyişəcək və uzun illər davam edən problemlərə son qoyulacaq. Digər məlumatlara görə, hazırda Sumqayıt Tibb Mərkəzində yoxlamalar başlayıb.
Səslənən iddialara cavab almaq üçen Sumqayıt Tibb Mərkəzinin əlaqə nömrələri ilə əlaqə saxlasaq da, telefonları qaldıran yoxdur. Sorğular üçün olan əlaqə nömrələri isə cavab vermir.
Aknews.az