Milli Məclisin dünən keçirilən iclasında deputat Azay Quliyev ölkədə fəaliyyət göstərən bəzi market şəbəkələrini istehlakçıları aldatmaqda ittiham edib. Deputat bildirib ki, bir çox hallarda məhsulların rəflərində göstərilən qiymətlə kassada çıxan məbləğ arasında fərq olur.
Bizimesr.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deputatın fikirlərinin əsaslı olduğunu bildirib. Onun sözlərinə görə, marketlərdə istehlakçıların aldadılması halları illərdir davam edir və quruma hər gün bununla bağlı onlarla müraciət daxil olur.
E.Hüseynov qeyd edib ki, əsas problemlərdən biri rəflərdə qiymətin aşağı, kassada isə daha yüksək göstərilməsidir. O əlavə edib ki, kartla ödəniş zamanı istehlakçılar daha çox risk altındadır:
“Kartla ödənişlərdə alıcıların bilmədiyi müxtəlif üsullarla əlavə məhsullar qəbzə vurulur. Müştərinin almadığı mallar hesaba əlavə edilir. Alış-verişdən sonra kassadan uzaqlaşmadan qəbzi yoxlamaq vacibdir.”
Ekspert iddia edib ki, bu kimi halların miqyası kifayət qədər genişdir. Onun sözlərinə görə, yalnız şəxsi müşahidələri zamanı bir marketdə 100-ə yaxın aldadılma faktı ilə qarşılaşıb. E.Hüseynov bildirib ki, quruma daxil olan şikayətlər ümumiləşdirildikdə, Azərbaycan istehlakçılarının bir il ərzində almadıqları mallara görə təxminən 500 milyon manat ödədiyi ehtimal olunur.
O, bəzi iri market şəbəkələrində də bu halların baş verdiyini qeyd edib. Ekspert əvvəllər “Grandmart” adı ilə fəaliyyət göstərən, hazırda isə “Meqamart” kimi tanınan marketdə dəfələrlə belə hallarla üzləşdiyini deyib.
Sonda E.Hüseynov istehlakçılara çağırış edərək bildirib ki, alış-veriş zamanı diqqətli olmaq, məhsulun rəf qiyməti ilə kassa qiymətini müqayisə etmək və qəbzi dərhal yoxlamaq vacibdir. Onun sözlərinə görə, istehlakçı diqqətli olmadığı halda, bu kimi hallar davam edə bilər.
Qeyd edək ki, bu hal son aylar daha çox aztəminatlı insanların daha çox alış-veriş etdiyi "Al Market"lərdə qeydə alınır.
Aknews.az