“Səhiyyə nazirinin özü də etiraf etdi ki…” – Qənirə Ataşovadan SƏRT AÇIQLAMA


Bu gün bəzi Azərbaycan saytlarında TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovla bağlı yeni iddia ortaya atılıb. İddiada bildirilir ki, guya Vüqar Qurbanov ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ilə əlbir fəaliyyət göstərib və səhiyyə naziri ilə bağlı bir sıra məlumat və dosyeləri məhz ona ötürüb.
Sözügedən iddialara jurnalist Qənirə Ataşova öz sosial media hesabında açıqlama verərək münasibət bildirib.

Ataşova paylaşımında qeyd edib ki, son günlər bəzi Azərbaycan mediasında və sosial şəbəkələrin Azərbaycan seqmentində onun adının hallandırıldığını görür.

Jurnalist bildirib ki, TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanov artıq vəzifəsindən çıxarılıb və kimlərsə ona qarşı qara piar aparmaq istəyirsə, bu onların seçimidir:

“Amma bu prosesdə mənim adımı istifadə etmək doğru yanaşma deyil”.

Ataşova vurğulayıb ki, o, jurnalist kimi səhiyyə sistemi ilə bağlı müəyyən araşdırmalar aparıb və sonradan baş verən hadisələr həmin araşdırmaların doğru olduğunu göstərib:

“Mən jurnalist olaraq müəyyən araşdırmalar aparmışam. Bu araşdırmaların doğru olduğunu isə sonradan baş verən hadisələr və rəsmi açıqlamalar da təsdiqlədi. Hətta səhiyyə naziri Teymur Musayevin özü də səhiyyə sistemində saxta diplom və saxta sertifikatlarla bağlı problemlərin olduğunu etiraf etdi, bu istiqamətdə araşdırmalar aparıldığını və məsul şəxslərin cəzalandırıldığını bildirdi”.

Onun sözlərinə görə, belə bir vəziyyətdə bu araşdırmaları şübhə altına almağa çalışmaq məntiqsiz görünür:

“Belə olan halda mənim araşdırmalarımı bu gün şübhə altına almağa çalışmaq ən azı məntiqsiz görünür. Çünki ortada artıq fakt var və həmin faktların mövcudluğu dövlət orqanları tərəfindən təsdiqlənib”.

Jurnalist qeyd edib ki, bu mövzuda yazılan bəzi materiallar dolayısı ilə rəsmi açıqlamaların özünə də kölgə sala bilər:

“Məndə belə bir təəssürat yaranır ki, bu mövzuda yazılan bəzi “məqalələr”, əslində, təkcə mənə deyil, dolayısı ilə nazirin öz açıqlamalarına da kölgə salmaq məqsədi daşıyır”.

Ataşova bildirib ki, bəzi yazılarda söz oyunu qurularaq sanki belə bir fikir formalaşdırmağa cəhd edilir ki, niyə yerli mediada yazılan deyil, xaricdən edilən araşdırmalar ciddiyə alınır:

“Burada günahkar mən deyiləm. Kaş ki bütün jurnalist araşdırmaları dövlət strukturları tərəfindən ciddiyə alınardı. Çünki jurnalistikanın məqsədi də məhz budur – şayiə yaymaq yox, faktı üzə çıxarmaq”.

O əlavə edib ki, jurnalistlər araşdırmalarını o qədər məsuliyyətlə aparmalıdırlar ki, dövlət qurumları qarşısında artıq şayiə yox, fakt dayansın.

Ataşova paylaşımında həmçinin qeyd edib ki, onda belə bir təəssürat yaranır ki, keçmiş TƏBİB rəhbərinə qarşı qara piar aparılır.

“Üstəlik dünyada da kifayət qədər böyük hadisələr baş verir – ABŞ İranı bombalayır. Yəqin, mən də Amerikada olduğum üçün Səhiyyə Nazirliyinin gəmisində oturub bu xəbərləri istehsal edən diplomsuz qeyri-peşəkarların yadına düşmüşəm. Allah məni və nazir Teymur Musayevi belələrindən qorusun”, – deyə o vurğulayıb.

Sonda jurnalist mətbuat orqanlarına müraciət edərək bildirib ki, onun adının hallandırıldığı materiallarda mövqeyinin də verilməsi vacibdir:

“Xahiş edirəm, mənim adımı hallandıran mətbuat orqanları “Media haqqında” qanunun müvafiq maddələrinə uyğun olaraq mövqeyimin də işıqlandırılmasını təmin etsinlər”./yenicag.az
Aknews.az

Xəbərlər