Sabiq deputatın MTK-sı 5 milyonluq özəl mülkü saxtakarlıqlara ələ keçirib – ŞOK FAKTLAR!
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” MTK-sının özbaşına, saxta alqı-satqı müqaviləsi əsasında özəl əmlakı sökməsinə görə cinayət işi başlanıb. Bakı şəhər prokurorunun göstərişinə əsasən, cinayətin araşdırılması Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə olunub.
Azərbaycan vətəndaşı, iş üzrə zərərçəkən Naiq Məmmədhəsənov Su Nəqliyyatında Polis İdarəsinə dəvət olunub. İdarə rəhbərliyi ona bildirib ki, şikayəti obyektiv şəkildə araşdırılacaq, özəl mülkiyyətinin saxta sənədlər əsasında dağıdılıb yerlə-yeksan edilməsində iştirak edən şəxslərin dairəsi müəyyən olunacaq və bütün günahkarlar cəzalandırılacaqlar.
Söhbət Bakının mərkəzində, Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, 2 mərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manatdan artıq olan özəl mülkiyyətdən gedir.
(əvvəli burada)
Azərbaycan məhkəmə sistemində bəzi qərarlar var ki, onları oxuyanda hüquqşünas diplomunu yırtıb zibil qutusuna atmaq lazım gəlir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinskinin özəl mülkiyyətin qəsbi, özbaşına dağıdılması və dəyərinin ödənməməsi işi üzrə çıxardığı qətnamə məhz belə absurd nümunələrdəndir. Fuad Talışinski Nəsimi Rayon Məhkəməsinin hakimi Natəvan Tağıyevanın 1 iyun 2022-ci il tarixli ədalətli qətnaməsini heç bir hüquqi əsas olmadan ləğv edir.
Nəticədə nə oldu?
Fuad Talışinskinin “yüngül əli” ilə Əsabil Qasımov 394 min 342 manat “qabağa” düşdü, özəl mülkiyyət sahibi isə faktiki olaraq öz əmlakından məhrum edildi. İşin ən biabırçı tərəfi odur ki, Fuad Talışinski Əsabil Qasımovun “qabağa verdiyi” qohumu Könül Əhmədovanın adına yazılmış saxta “Təklif” məktubuna əl qoyaraq qətnamə çıxarır.
Özəl mülkiyyəti qəsb olunaraq dağıdılan zərərçəkəni isə məhkəmə zalında eşitmək belə istəmir. Onun təqdim etdiyi dəlil-sübutlara gözünün ucu ilə baxmaqdan yayınır. Prosesin aparılma qaydasından hakimin daha çox qarşı tərəfin mövqeyindən çıxış etdiyi açıq-ydın görünür.

Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… - TəzadlarFuad Talışinski niyə belə mövqe sərgiləyib? Bu, onun şəxsi maraqlarından irəli gəlməyib ki?
Az keçmir ki, Könül Əhmədova istintaq cəlb olunur, özü belə etiraf edir ki, həmin “Təklif” məktubundan bixəbərdir. Sual yaranır - bu “Təklif” məktubunu kim yazıb? Həmin saxta məktubu Fuad Talışinskiyə kim verib? Fuad Talışinski israrla Könül Əhmədovanın yazmadığı “Təklif”ə əsaslanması, onun məktub müəllifləri ilə əlaqələrini göstərir?
Eyni zamanda, məlum qətnamə çıxarılarkən Ali Məhkəmənin 2016-cı il tarixli eyni əmlakın qiymətləndirməsi ilə bağlı qərarını təhrif edərək onun yalnız hərraca aid olduğunu iddia edib. Formalizm maşını bununla da dayanmayıb. Ali Məhkəmənin hakimi Elşanə Vəliyeva 26 iyul 2023-cü il tarixli qərarı ilə bu açıq-aşkar hüquq pozuntularını görməzdən gələrək Fuad Talışinskinin qətnaməsini qüvvədə saxlayır. Amma məkrli oyunların ömrü uzun olmur, yeni faktlar hər şeyi su üzünə çıxarır.
Özəl mülkiyyətə qəsdlə bağlı apellyasiya və kassasiya instansiyalarındakı ədalətsizliklər nəhayət ki, prokurorluq orqanı tərəfindən araşdırılır. İstintaq çərçivəsindən Əsabil Qasımovun qohumu Könül Cabbar qızı Əhmədovadan izahat alınarkən, o, adından özəl mülkiyyət sahibinə və məhkəməyə təqdim olunmuş “Təklif” məktubunu özünün yazmadığını, məktubdakı imza və ifadələrin ona aid olmadığını bildirib. Bunun ardınca ondan imza nümunələri götürülərək xüsusi xəttşünaslıq ekspertizası keçirilib. Ekspert rəyi “Təklif” məktubundakı imzanın Könül Əhmədovaya məxsus olmadığını təsdiqləyib.
Bəs bu cinayəti təşkil edən kimdir?
Bu nəticə mülkiyyətçilərin əvvəlki məhkəmə prosesində mübahisələndirdikləri sənədin həqiqiliyi məsələsini yenidən gündəmə gətirib. 85 kvadratmetrlik sahənin özbaşına uçurulması və saxta sənədlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.3, 320.1 və 320.2-ci maddələri ilə 260070465 nömrəli cinayət işi başlanıb.
Nəsimi Rayon Prokurorluğunda aparılan araşdırma ötən gün Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Baş Polis İdarəsinə həvalə olunub. Mülkiyyətçilər əmindirlər ki, göz qabağında olan cinayətlərin araşdırılması bu dəfə aylarla, illərlə uzanmayacaq və tez bir zamanda təqsirkar şəxslər layiq olduqları cəzanı alacaqlar.
Xatırladaq ki, prokurorluq araşdırması zamanı məktubdakı imzanın Könül Əhmədovaya məxsus olmadığının ekspert rəyi ilə təsdiqlənməsi, əvvəlki məhkəmə proseslərində həmin sənədə istinad olunması məsələsini xüsusilə əhəmiyyətli edir.
4 milyon 810 min manatlıq oyun
85 kvadratmetrlik obyekt ətrafındakı mübahisə ilə yanaşı, 21 dekabr 2018-ci il tarixli “Razılaşma” müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi də ayrıca problem olaraq qalır. Hazırda “Azər-Tikinti” MTK-nın İdarə Heyətinin sədri Mətin Əmiraslanov müqavilə ilə nəzərdə tutulan 170 kvadratmetrlik qeyri-yaşayış sahəsi və 226 kvadratmetrlik mənzillərlə bağlı öhdəlikləri yerinə yetirməkdən yayınır.
Bu əmlaklar dövlət dəstəyi ilə verilmiş 2 milyon manatlıq kreditin təminatı kimi ipotekada olduğu halda, girov saxlayanın — Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) və mülkiyyətçinin razılığı olmadan 3-cü şəxslərə satılıb! Bu isə birbaşa cinayət əməlidir!
Araşdırmamız zamanı öyrəndik ki, 11 aprel 2025-ci il tarixində “Azər-Tikinti” MTK-nın hüquqşünası Ramilə Ramiz qızı Bağırova özəl mülkiyyət sahiblərini iş saatından sonra şirkətin satış ofisinə dəvət edib. Görüş zamanı onlara mübahisənin məhkəmədən kənar həlli təklif olunub. Əsabil Qasımovun tikinti şirkəti adından çıxış edən Ramilə Bağırova ilə mülkiyyətçi arasında özəl mülkiyyətdə olan 170, 226 və 85 kvadratmetrlik sahələrdən ibarət ümumilikdə 481 kvadratmetrlik əmlakın hər kvadratmetrinin 10 min manat qiymətlə alqı-satqısı barədə razılıq əldə olunub. Bu hesablamaya əsasən, ümumi məbləğ 4 milyon 810 min manat təşkil edib.
Əsabil Qasımovun avantüralarının “ayaqları”
esabil-qas
Əsabil Qasımovun hüquqşünası mülkiyyətçiyə görüş zamanı 1 milyon 55 min manat avans verib. Qalan 3 milyon 755 min manatın isə ertəsi gün -12 aprel 2025-ci il tarixində 54 saylı notariusda alqı-satqı sənədləşdirilərkən ödəniləcəyi vəd edilib. Pulun sayılması zamanı 50 min manat çatışmazlıq üzə çıxıb. Məlum olub ki, Ramilə Bağırova 1 milyon 55 min manat adı ilə 1 milyon 5 min manat verib. Bu məbləğ də nəzərə alınmaqla, mülkiyyətçilər ertəsi gün notariusda ümumilikdə 3 milyon 805 min manat alacaqlarını gözləyiblər.
Lakin Əsabil Qasımovun MTK-sının satış direktoru və hüquqşünası Ramilə Bağırova notariusa gəlməyiblər. Ramilə Bağırova telefonla onlara şirkət nümayəndəsinin notariusa göndəriləcəyini, müəyyən məzmunda ərizə yazılıb təsdiqləndikdən sonra qalan pulun ofisdən götürülə biləcəyini deyib. Mülkiyyətçilər həmin göstərişə uyğun olaraq ərizəni notariat qaydasında təsdiqləsələr də, daha sonra “Azər-Tikinti” MTK-nın ofisinə gedəndə heç kimi, o cümlədən Ramilə Bağırovanı tapa bilməyiblər. Bundan sonra onlar 54 saylı notariusa müraciət edərək verdikləri ərizələrin ləğvini tələb ediblər.
51 min manatlıq kirayə borcu, məhkəmənin həbs qərarı
İş materiallarından məlum olur ki, MTK razılaşmaya əsasən mülkiyyətçiyə 170 və 226 kvadratmetrlik sahələri təhvil vermədiyindən kirayə haqqı ilə bağlı məhkəməyə müraciət olunub. Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Vahid qızı Musayevanın 24 oktyabr 2025-ci il tarixli, 16(006)-489/2025 saylı qərardadı ilə “Azər-Tikinti” MTK-nın 17 ay ərzində ödəmədiyi 51 min manat kirayə haqqının təminatı ilə bağlı tədbir görülüb. Əsabil Qasımovun şirkətinin bank hesablarına həmin məbləğin ödənilməsi üçün həbs qoyulub.
“Azər-Tikinti” MTK bu qərardaddan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2 dekabr 2025-ci il tarixli, 16(103)-849/2025 saylı qərardadı ilə birinci instansiyanın qərardadı qüvvədə saxlanılıb. Əvvəlki məhkəmə aktları üzrə 170 kvadratmetrlik qeyri-yaşayış sahəsi və 226 kvadratmetrlik mənzillərlə bağlı ümumilikdə Əsabil Qasımovun MTK-sından 141 min manat kirayə haqqı məcburi qaydada mülkiyyətçinin xeyrinə tutulub.
(Davamı olacaq)
Aknews.az