Ukraynanın "Şaxtyor" klubunun baş məşqçisi Arda Turan UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində Polşada "Lex"lə keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında sərt reaksiyası ilə gündəmə gəlib.
Tərcümənin keyfiyyətsizliyindən narazı qalan Turan əvvəlcə narazılığını bildirərək: “Bu, əsl türk dili deyil, yaxşı olar ki, ingiliscə danışaq” - deyib. Lakin problemin davam etdiyini görən məşqçinin sonda səbri tükənib: “Dostum, əgər mətbuat konfransı təşkil edirsinizsə, qoy tərcüməçi mənim dilimdə danışsın! Bu, türk dili deyildi” - deyərək qulaqlıqları çıxarıb və zalı tərk edib.
Qeyd edək ki, Arda Turan "Şaxtyor"un ev oyunlarını öz vətənində keçirməyi təklif etsə də, UEFA hər iki qarşılaşmanın Polşada oynanılmasına qərar verib. "Lex" - "Şaxtyor" matçı bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Aknews.az