“Kubinka”da 300 milyonluq dəhşətli sxem - Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar


Bakının tarixi məhəllələrindən biri olan, el arasında “Kubinka” kimi tanınan ərazidə aparılan söküntü və tikinti işləri ətrafında ciddi qanun pozuntuları, maliyyə maxinasiyaları ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumatlara əsasən, ərazidə fəaliyyət göstərən tikinti şirkətinin sakinlərdən əmlakları satın alma mexanizmi həm vergi qanunvericiliyinə, həm də əmək hüququna zidd olan suallar doğurur.
Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə sözügedən torpaq sahəsi hüquqi şəxsə - eks-deputat Əsabil Qasımovun biznesinə daxil olan “Vialon” şirkətinə icarəyə verilib. Sərəncamın şərtlərinə əsasən, tikinti şirkəti ərazidəki sakinlərin əmlaklarını qarşılıqlı razılıq əsasında satın almalı və yalnız bundan sonra inşaat işlərinə başlamalıdır.

“Kubinka”da 300 milyonluq dəhşətli sxem - Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar

Qanunvericiliyin tələbinə görə, bu proses zamanı hüquqi şəxs öz bank hesabı vasitəsilə sakinlərə kompensasiya ödənişlərini rəsmi qaydada həyata keçirməlidir. Lakin iddialara əsasən, reallıqda tamamilə fərqli bir sxem tətbiq olunur. Hüquqi şəxs vergi öhdəliklərindən yayınmaq məqsədilə sakinlərin evlərini birbaşa öz balansına deyil, özünə yaxın olan ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirərək alır və söküntü işləri aparır. Bu isə qeyri-leqal vəsaitlərin dövriyyəsi və şübhəli maliyyə sxemlərinin tətbiqi ehtimalını gücləndirir.

Məlumatda qeyd olunur ki, “Vialon” tikinti şirkətinin faktiki işçiləri kimi fəaliyyət göstərən şəxslər sakinlərlə razılaşma əldə etdikdən sonra əmlakları fiziki şəxs qismində öz adlarına keçirirlər. Konkret olaraq, Kənan Nazim oğlu Xəlilov və Nurlan İkram oğlu Qənbərovun adına “Kubinka” ərazisində bu günə qədər yüzlərlə daşınmaz əmlakın alındığı bildirilir.

Adi fiziki şəxs kimi çıxış edən Kənan Xəlilov və Nurlan Qənbərov yüzlərlə mənzili almaq üçün milyonlarla ölçülən maliyyə vəsaitini hansı mənbədən əldə ediblər? Kənan Xəlilovu iş adamı Əsabil Qasımovla və onun tikinti şirkəti ilə hansı bağlar birləşdirir? Əgər bu şəxslər həmin tikinti şirkətinin əməkdaşlarıdırsa, onların rəsmi əmək müqaviləsi varmı? Əmək müqaviləsi mövcuddursa, şirkətə məxsus layihə çərçivəsində alınan əmlaklar niyə hüquqi şəxsin deyil, məhz işçilərin adına sənədləşdirilir?
İddialara əsasən, “Vialon” şirkəti tərəfindən “Kubinka” ərazisində bu günə qədər sakinlərdən 300 milyon manatdan artıq dəyərdə daşınmaz əmlak satın alınıb. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, müvafiq əmlak vergisi 1 faiz həcmində hesablandıqda, dövlət büdcəsinə ödənilməli olan vəsaitin məbləği 3 milyon manatdan çox edir. Lakin əmlakların hüquqi şəxsdən yayındırılaraq fiziki şəxslərin adına rəsmiləşdirilməsi nəticəsində birbaşa dövlət büdcəsinə daxil olmalı olan milyonlarla manat vəsait büdcədən yan keçir.
Məsələnin ən diqqətçəkən tərəfi isə nəzarətedici dövlət qurumlarının baş verənlərə reaksiyasıdır. Yüzlərlə alqı-satqı əməliyyatının fiziki şəxslər üzərindən aparılması və milyonlarla manatlıq vergi öhdəliyinin yerinə yetirilməməsi fonunda Dövlət Vergi Xidmətinin məsələyə müdaxilə etməməsi suallar doğurur. Eyni zamanda, faktiki olaraq “Vialon” tikinti şirkətinin işlərini icra edən bu şəxslərin əmək müqaviləsi olmadan çalışması faktının Dövlət Əmək Müfəttişliyi Xidmətinin diqqətindən kənarda qalması da təəccüb doğurur.

Əsabil Qasımova və onun ətrafına məxsus olduğu bildirilən bu layihədə qanunvericiliyin tələblərinin hansı səbəbdən gözardı edildiyi və bu şəxslərə xüsusi imtiyazların verilib-verilmədiyi açıq sual olaraq qalır.

Yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


Aknews.az

Xəbərlər