Sabiq hakimin icra məmurları ilə “gizlənpaç” oyunu – 307 min dolları ödəməmək üçün...


307 min dollardan çox dələduzluqda təqsirli bilinən keçmiş hakim Lətif Ədil oğlu Nəbiyevlə bağlı məhkəmə qərarının icrası ətrafında yeni qalmaqal yaranıb. Zərərçəkmiş Azad Əliyev sosial şəbəkədə yaydığı məlumata görə, sabiq hakim qeydiyyat ünvanını dəyişməklə icra prosesinin gedişinə təsir göstərir.
Zərərçəkmiş bildirir ki, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinən keçmiş hakimin barəsində başlanmış icra işi Bakının Sabunçu rayonundan başlasa da, sonradan Gədəbəyə, oradan isə Qaxın ən ucqar kəndinə qədər uzanıb: “İcra Sabunçudan başladı, Gədəbəyə köçdü, oradan da Qaxın ən ucqar kəndinə qədər uzandı. Hər dəfə qeydiyyat ünvanı dəyişdi, icra işi isə ardınca getdi. Görək, bundan sonra yol haraya düşəcək?! Lətif, məni yaxşı dinlə: qanun hər yerdə qanundur! Ünvan dəyişməklə məsuliyyətdən qaçmaq olmaz!"

İstintaq və məhkəmə materiallarına əsasən, sabiq hakim həm torpaq alqı-satqısı, həm də şərikli biznes qurmaq adı ilə iki nəfərə ümumilikdə 307 min dollardan artıq maddi ziyan vurub. Belə ki, Lətif Nəbiyev Türkiyədə yaşayan qohumu Azad Əliyevdən əvvəlcə 13 min 400 dollar alaraq ona sərfəli qiymətə torpaq sahəsi alacağını vəd edib. Bir müddət sonra onu Xətai rayonuna apararaq, 7 sot boş ərazini göstərib və torpağı onun üçün aldığını bildirib. Etibar qazandıqdan sonra sabiq hakim Pirşağı qəsəbəsində, dəniz kənarında dəyəri 500 min dollar olan 120 sot torpaq sahəsini hakimlik nüfuzundan istifadə edərək 240 min dollara ala biləcəyini deyib.

İstirahət mərkəzi tikmək və böyük biznes qurmaq vədinə inanan Azad Əliyev ona daha 234 min dollar (ümumilikdə 247 min 400 dollar) verib. Lakin torpağın sənədləri tələb olunduqda Lətif Nəbiyev 2 fərqli şəxsin adına Pirşağı bələdiyyəsindən verilmiş 100 sotluq 10 illik icarə müqaviləsi təqdim edib və Türkiyədə yaşadığı üçün sənədləşmənin birbaşa Azad Əliyevin adına aparıla bilmədiyini bəhanə gətirib. Pirşağı bələdiyyəsində aparılan araşdırma zamanı isə məlum olub ki, həmin sənədlər mülkiyyət hüququ vermir və icarə müddəti bitdikdən sonra ərazi dövlətin balansına keçəcək. Bundan sonra sabiq hakim zənglərə cavab verməyib və pulu geri qaytarmayıb.

Digər zərərçəkmiş Rüstəm Abdullayev isə Ucar və Kürdəmirdə qaz, İsmayıllıda su və kanalizasiya xətlərinin çəkilişinə şərik olmaq adı ilə Lətif Nəbiyevə 59 min 700 dollar verib, lakin vəd olunan qazancı əldə etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsi: Struktur, Prosedurlar - 2027

Məhkəmə ifadəsində özünü təqsirli bilməyən Lətif Nəbiyev 234 min dolları Azadın qardaşı, sonradan vəfat etmiş Abbasa verdiyini, Abbasın isə həmin pulu Pirşağı məscidinin axundu Əliyulla Məmmədova ödədiyini iddia edib. Lakin istintaqda dindirilən axund bu iddianı təkzib edib. Axundun sözlərinə görə, həmin ərazi ona məxsus olmayıb; əksinə, dələduzluq üstü açıldıqdan sonra Lətif Nəbiyev onun yanına gələrək DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") torpağı mərhum Abbasa satdığı barədə yalan ifadə verməsini xahiş edib. Axund isə bu təklifi rədd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə Lətif Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən, Lətif Nəbiyev məhkəmə zalında həbs edilib və ona 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Lətif Nəbiyevin cəzası 4 il 6 aya endirilib. 2025-ci ilin yanvarında isə Xəzər Rayon Məhkəməsinin hakimi Emin Rüstəmov Lətif Nəbiyevin vaxtından əvvəl azadlığa buraxılmasına dair qərar verib. Zərərçəkmişlərə vurduğu zərəri ödəməyən sabiq hakimin azadlığa buraxılmasının hüquqi əsasları bu günə qədər naməlumdur.

Xatırladaq ki, Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 2008-ci il aprelin 24-də Məhkəmə-Hüquq Şurasının qərarı ilə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib və Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

İndi zərərçəkmiş tərəf illərdir davam edən hüquqi mübarizədən sonra Sabunçudan başlayıb Gədəbəyə, oradan da Qaxın ucqar kəndinə köçürülən icra prosesinin hansı nəticə verəcəyini və dəymiş külli miqdarda ziyanın nə zaman ödəniləcəyini gözləyir...

Aknews.az

Xəbərlər