Masallıda “şəxsi kamera” qalmaqalı iddiası – sürücü icra başçısına müraciət etdi


Masallı rayon sakini Eldar Talışlı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ünvanına şikayət ərizəsi ilə müraciət edib.
Şikayətdə iddia olunur ki, Masallı şəhəri H.Əliyev prospektində tətbiq edilən bəzi elektron cərimələr dövlətə məxsus rəsmi texniki vasitələr vasitəsilə deyil, qeyri-rəsmi şəkildə quraşdırıldığı deyilən kameralar üzərindən rəsmiləşdirilir.

Vətəndaşın bildirdiyinə görə, ona 20 may 2026-cı il tarixində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə bağlı 20 manat məbləğində EQ-36196152 nömrəli elektron qərar göndərilib. Eldar Talışlı iddia edir ki, həmin görüntü dövlətin rəsmi radar və ya sertifikatlaşdırılmış müşahidə sistemi ilə deyil, Masallı RPŞ-nin DYPB rəisi, polis mayoru Asəf Mustafayev tərəfindən quraşdırıldığı deyilən kamera vasitəsilə əldə olunub.

Şikayətdə qeyd edilir ki, xüsusi texniki vasitələrin quraşdırılması və tətbiqi qanunvericiliyə uyğun şəkildə həyata keçirilməli, sertifikatlaşdırılmış və aidiyyəti dövlət informasiya sistemlərinə inteqrasiya olunmalıdır. Müraciət müəllifi həmin kameraların hüquqi əsaslarının araşdırılmasını tələb edir.

Bununla yanaşı, vətəndaş daha bir narahatedici məqama diqqət çəkib. İddiaya görə, prospektdə yerləşdirilən bəzi kameralar çoxillik ağacların gövdəsinə dəmir konstruksiyalar və mismarlar vasitəsilə bərkidilib. Sakin hesab edir ki, bu hal yaşıllıqlara ciddi ziyan vurur və ekoloji baxımdan araşdırılmalıdır.

Eldar Talışlı Masallı Rayon İcra Hakimiyyətindən aşağıdakı məsələlərin araşdırılmasını istəyib:
* H.Əliyev prospektində yerləşdirilən kameraların qanuniliyinin yoxlanılması;
* Həmin texniki vasitələrin sertifikatlaşdırılıb-sertifikatlaşdırılmadığının müəyyən edilməsi;
* Ağaclara vurulan konstruksiyaların ekoloji zərərinin qiymətləndirilməsi;
* EQ-36196152 nömrəli elektron qərarın qanuniliyinə hüquqi qiymət verilməsi;
* Qanun pozuntusu aşkarlanacağı halda məsul şəxslər barədə tədbir görülməsi.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, yollarda foto və video qeydiyyat funksiyalı xüsusi texniki vasitələrin tətbiqi aidiyyəti dövlət qurumlarının müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilməlidir.

Xəbərlər