Quba-Xaçmaz Təhsilində qazi mübahisəsi: Fikrət Heybətovun hədəfində direktordu, yoxsa başqa şəxslər?


Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri ətrafında yaranan müzakirələr səngimək bilmir. Bu dəfə diqqət mərkəzinə Xaçmaz rayonunun Nazim İsayev adına Yeni Həyat qəsəbə tam orta məktəbində Vətən müharibəsi əlilinin işlə təmin olunması məsələsi gəlib.

Qobuqıraq kənd ümumi orta məktəbində çalışan Aydın Fətiyev sosial şəbəkə hesabında paylaşdığı statusla Yeni Həyat qəsəbə tam orta məktəbinin direktoru Adil Mədətovu tənqid edib. O, paylaşımında qazinin işlə təmin olunmasına maneələr yaradıldığını iddia edib.

Qeyd edək ki, bəzi media resurslarında Aydın Fətiyevin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati Təşkilat sektorunun müdiri Fikrət Heybətovun yaxın çevrəsində yer alan şəxslərdən biri olduğu barədə məlumatlar dərc olunub. Bu məqam isə hadisəyə fərqli rakursdan baxılmasına səbəb olub. Belə ki, ictimaiyyət arasında məsələ ilə bağlı müxtəlif suallar yaranıb: söhbət həqiqətən qazinin işlə təmin olunmasından gedir, yoxsa konkret bir şəxsin işə qəbuluna nail olmaq cəhdindən?

Lakin redaksiyamıza daxil olan məlumatlarda hadisələrin fərqli olduğu bildirilir. Mənbələrin sözlərinə görə, hazırda məktəbdə vakant ştat vahidi mövcud deyil və bu səbəbdən direktorun hər hansı şəxsi işə qəbul etməsi hüquqi baxımdan mümkün deyil.

Bildirilir ki, regional təhsil idarələrinin yaradılmasından sonra məktəb direktorlarının işə qəbul prosesində səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. İddialara görə, işə qəbul məsələləri əsasən regional idarələrin razılığı və yönləndirməsi ilə həyata keçirilir. Bu səbəbdən direktorların müstəqil qaydada kimisə işə qəbul etməsi faktiki olaraq mümkün hesab edilmir.

Quba-Xaçmaz Təhsilində qazi mübahisəsi: Fikrət Heybətovun hədəfində direktordu, yoxsa başqa şəxslər?

Mənbələrin iddiasına görə, yaranmış vəziyyətin əsas səbəbi məktəb rəhbərliyi deyil. Belə ki, məktəb rəhbərliyi vakant yer olmadığını bildirsə də, müəyyən dairələrin həmin şəxsin işlə təmin olunmasında maraqlı olduğu iddia edilir. Hətta bəzi mənbələr sosial şəbəkədə yayılan paylaşımın da dolayısı ilə məktəb rəhbərliyinə yönəlmiş təzyiq mesajı kimi qiymətləndirildiyini bildirirlər.

Onların fikrincə, məktəbə vakant yer olmadan əlavə işçi qəbul etdirilməsi mümkün deyil. Əks halda bu, həm əmək qanunvericiliyinin, həm də maliyyə-intizam qaydalarının pozulması kimi qiymətləndirilə bilər.

Məsələ ətrafında səsləndirilən iddialar fonunda bəzi şəxslər Şabran rayonunda baş verdiyi deyilən başqa bir hadisəni də nümunə kimi göstərirlər.

İddialara görə, bir müddət əvvəl Şabran rayonunda qazi anası olan bir vətəndaş mövcud vakant vəzifəyə müraciət etsə də, həmin vəzifəyə təyinatın həyata keçirilmədiyi bildirilir. Mənbələrin sözlərinə görə, sonradan həmin vəzifəyə başqa şəxsin təyin edildiyi və nəticədə vakant yer olmadığı görüntüsünün formalaşdırıldığı iddia olunur.

Bu məsələ ilə bağlı səsləndirilən iddialarda da Fikrət Heybətovun adı hallandırılır. İddia müəllifləri bildirirlər ki, qazi anasının müraciətinə baxmayaraq başqa bir şəxsin işlə təmin edilməsi ilə bağlı qərar qəbul olunub. Hətta sonradan işə qəbul edilən şəxsin hansı əsaslarla seçildiyi barədə müxtəlif müzakirələr yaranıb.

Bəzi mənbələr həmin şəxsin "qazi ailəsi üzvü" kimi təqdim edildiyini iddia etsələr də, digər mənbələr bunun həqiqəti əks etdirmədiyini və aidiyyəti qurumların həmin şəxsin həyat yoldaşının qazi statusuna malik olmadığını bildirdiklərini iddia edirlər. Bu iddiaların rəsmi təsdiqi və ya təkzibi ilə bağlı ictimaiyyətə geniş açıqlama verilməyib.

Diqqət çəkən digər məqam isə odur ki, həmin hadisə ilə bağlı məlumatlar vaxtilə müxtəlif sosial şəbəkə hesablarında, o cümlədən Aydın Fətiyevlə əlaqələndirilən (Xxeber Xxeber) TikTok və Facebook səhifələrində də müzakirə olunub. Bu səbəbdən ictimaiyyət arasında haqlı olaraq belə bir sual yaranır: əgər prinsip qazilərin, şəhid ailələrinin və sosial həssas kateqoriyaların müdafiəsidirsə, oxşar hallarda niyə eyni həssaslıq nümayiş etdirilməyib?
Aydın Fətiyevin təhsil işçisi olaraq media resursları idarə etməsi, sosial şəbəkələrdə ona aid olmayan məsələlərə açıq şəkildə müdaxiləsi isə heç zaman birmənalı qarşılana bilməz deyə məlumatlarda yer almaqdadır...

Hazırkı hadisədə isə bütün məsuliyyətin birbaşa məktəb direktorunun üzərinə yönəldilməsi bir sıra suallar doğurur. Çünki əgər məktəbdə vakant yer yoxdursa, direktorun həmin şəxsi işə qəbul etməsi hansı hüquqi mexanizm əsasında mümkün olmalı idi?

Bundan başqa, əgər doğrudan da vakant yer mövcuddursa, həmin yerin hansı səbəbdən boş saxlanıldığı və niyə Vətən müharibəsi əlilinin namizədliyinin nəzərə alınmadığı da izah edilməlidir.

Mövzunun diqqət çəkən tərəflərindən biri də budur ki, son dövrlər Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müxtəlif narazılıqlar, işə qəbul prosesləri ətrafında iddialar və sosial həssas kateqoriyalara münasibətlə bağlı müzakirələr daha da intensiv xarakter almağa başlayıb.

Bütün bunların fonunda aşağıdakı sualların cavablandırılması ictimai maraq doğurur:

- Məktəbdə vakant yer varmı, yoxsa yoxdur?
- Vakant yer yoxdursa, direktor hansı əsasla ittiham olunur?
- Vakant yer varsa, həmin vəzifəyə qəbul prosesi hansı qaydada həyata keçirilir?
- Məktəb direktorlarının işə qəbul prosesində real səlahiyyətləri nədən ibarətdir?
- Şabran rayonunda qazi anası ilə bağlı səsləndirilən iddialar nə dərəcədə həqiqətə uyğundur?
- Sosial şəbəkələrdə məsuliyyətin yalnız direktorun üzərinə yönəldilməsi nə dərəcədə əsaslandırılmış addımdır?
- Quba-Xaçmaz Regional idarə rəhbəri bu gedən oyunlardan hansı zərbəni alma ehtimalındadır?


Məsələnin mahiyyətini tam anlamaq üçün bu sualların cavablandırılması vacib görünür. Çünki söhbət təkcə bir məktəbdə işə qəbul mübahisəsindən deyil, ümumilikdə təhsil sistemində şəffaflıq, sosial ədalət və idarəetmə mexanizmləri ilə bağlı ictimai maraq doğuran məsələlərdən gedir.

Redaksiya olaraq məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin, İnzibati Təşkilat sektorunun müdiri Fikrət Heybətovun, eləcə də adı hallandırılan Yeni Həyat qəsəbə tam orta məktəbinin direktoru Adil Mədətovun mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

GƏLƏN YAZIMIZDA:
QUBA - XAÇMAZ REGİONAL TƏHSİL İDARƏSİNDƏ "İŞƏ QƏBUL İLƏ BAĞLI KEÇİRİLƏN İMTAHANIN QARANLIQ TƏRƏFLƏRİ" TƏHLİL EDİLMİŞ MƏQALƏMİZİ OXUYACAQSINIZ.

Xəbərlər