Quba-Xaçmaz Regional Təhsil İdarəsində “paket maaş” iddiaları – rəsmi gəlir və real yaşam arasındakı fərq sual doğurur


Bakunews.az Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati-Təşkilat sektorunun müdiri Fikrət Heybətovun rəsmi əməkhaqqı ilə real həyat tərzi arasında uyğunsuzluq olduğu barədə yayımlanan məlumatlar ictimai müzakirələrə səbəb olub.
Bakunews.az-a daxil olan məlumatlara görə, Fikrət Heybətovun aylıq 380–450 manat rəsmi əməkhaqqı aldığı halda, təxminən 50 min manat dəyərində avtomobil sahibi olması, hər gün Xaçmaz–Quba marşrutu üzrə gediş-gəliş etməsi və Qubada yerləşən “Çinar” restoranında mütəmadi nahar etməsi suallar doğurub.

Müdafiə cəhdi və yeni iddialar

Mövzu ilə bağlı yayımlanan xəbərlərdən sonra Fikrət Heybətova yaxın olduğu bildirilən şəxslər redaksiya ilə əlaqə saxlayaraq, qeyd olunan faktların “yalnız rəsmi maaşla ölçülməməli olduğunu” bildiriblər.

Onların iddiasına görə:

Fikrət Heybətov aylıq 450 manat rəsmi əməkhaqqı ilə yanaşı, təxminən 1500 manat həcmində əlavə “paket” ödənişi də alır.


“Paket” sualı: fərdi hal, yoxsa sistemli praktika?

Əgər bu iddialar doğrudursa, bir sıra ciddi suallar meydana çıxır:

Digər sektor müdirləri də rəsmi maaşdan əlavə “paket” alırlarmı?

Əgər alırlarsa, bu paketlərin məbləği nə qədərdir?

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev üçün də analoji ödəniş mexanizmi mövcuddurmu?

Bu vəsaitlərin maliyyə mənbəyi haradır və hansı hüquqi əsasla verilir?

Mütəxəssislər bildirir ki, əmək müqaviləsində və rəsmi hesabatlarda əksini tapmayan əlavə ödənişlər vergi öhdəliklərinin pozulması, eləcə də büdcə vəsaitlərinin qeyri-şəffaf xərclənməsi ehtimalını gündəmə gətirir.

Məsələ ilə bağlı indiyə qədər Quba-Xaçmaz Regional Təhsil İdarəsi və ya digər aidiyyəti qurumlar tərəfindən rəsmi açıqlama verilməyib.

Bakunews.az olaraq bildiririk ki, mövzu diqqətdə saxlanılır və qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Cəmiyyətin gözləntisi isə dövlət qurumlarında əməkhaqqı və əlavə ödəniş mexanizmlərinə aydınlıq gətirilməsidir.

Mövzu ilə bağlı yeni məlumatlar əldə edildikcə ictimaiyyətə təqdim olunacaq.

Aknews.az

Xəbərlər