Livan Prezidenti Cozef Aun ölkə ordusunun qarşıdakı vəzifələri ilə bağlı Baş Qərargah rəisi general Rodolf Heykalla görüş keçirib.
Görüş zamanı general Heykal Türkiyə və Böyük Britaniyaya son səfərlərinin nəticələri, eləcə də hərbi əməkdaşlıq istiqamətində aparılan danışıqlar barədə dövlət başçısına məlumat verib.
Tərəflər ölkədəki təhlükəsizlik vəziyyətini, Livan, ABŞ və İsrail arasında aparılan danışıqların nəticələrini və müharibənin başa çatdırılmasına yönəlmiş çərçivə sazişinin icrasını müzakirə ediblər.
Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə razılaşma imzalayıb. Sənəd İsrail qoşunlarının Livan ərazisindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur. Prosesə ictimaiyyətə açıqlanmayan iki “pilot zona”dan başlanacağı bildirilir. Bununla yanaşı, razılaşmada qoşunların çıxarılması üçün konkret vaxt qrafiki müəyyən edilməyib. Əvəzində, boşaldılan ərazilərdə təhlükəsizliyin tam təmin edilməsinin Livan ordusuna həvalə olunması və silahlı qrupların, xüsusən “Hizbullah” Hərəkatının tərksilah edilməsi əsas şərt kimi göstərilir.
Prezident Cozef Aun ordu komandanlığının və şəxsi heyətinin fəaliyyətini yüksək qiymətləndirərək, onların dövlət hakimiyyətinin möhkəmləndirilməsi, ölkədə sabitliyin qorunması, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və vətəndaş sülhünün saxlanılmasında mühüm rol oynadığını vurğulayıb.
Aknews.az