Xalq artisti Məzahir Süleymanov “Azərişıq” ASC-nin Sumqayıt şöbəsində abonentlərlə bağlı yaranmış problemlərdən narazılığını ifadə edib.
Sənətkar Baki-xeber.com-a bildirib ki, son günlər bir çox abonent ödədiyi vəsaitin sayğaca oturmamasından şikayət edir:
“Qurumun Sumqayıt şöbəsində çox qəribə hallar baş verir. Abonentlər işıq pulunu ödəyirlər, lakin bu məbləğ sayğaca keçmir. İnsanlar idarəyə gələrək şikayət edirlər, amma orada çalışan məsul şəxslər bu sadə problemi həll etməkdə çətinlik çəkirlər”.
Məzahir Süleymanov bildirib ki, o da bu cür problemlə üzləşib:
“Bu ayın 11-də 20 manat ödədim, amma bu məbləğ sayğaca oturmadı. Üç gündür ki, idarəyə zəng edirəm, gəlib baxacaqlarını bildirirlər, amma hələ də nəticə yoxdur. Bu gün şəxsən idarəyə getdim, gördüm ki, eyni vəziyyətdən əziyyət çəkənlər çoxdur”.
Xalq artisti qeyd edib ki, bu məsələnin arxasında başqa məqsədlərin ola biləcəyi ilə bağlı söz-söhbətlər də dolaşır:
“Eşitdiyimə görə, guya bu vəziyyəti bilərəkdən yaradırlar ki, smartsayğacları mexaniki sayğaclarla əvəz etsinlər. Çünki smartsayğaclarda müdaxilə etmək, oğurluq etmək mümkün deyil. Amma babalı onu deyənlərin boynuna — bəlkə də bu, sadəcə şayiədir”.
Sənətkar aidiyyəti qurumlardan məsələni araşdırmağı və abonentlərin narazılığını aradan qaldırmağı xahiş edib.