Almalar sənin deyil, bəs kimindir? — Küçə ticarəti ilə bağlı AÇIQLAMA


Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin küçə ticarətinə qarşı keçirilən reyd zamanı sərgilədiyi davranış müzakirələrə səbəb olub. Daha əvvəl də kobud ifadələri ilə tənqid olunan icra rəsmisinin bu dəfəki hərəkətləri birmənalı qarşılanmayıb.
Belə ki, reyd zamanı piyada səkisində meyvə satan şəxsə məxsus məhsulların yük maşınına yığılması anları lentə alınıb. Görüntülərdə icra nümayəndəsinin satıcıya ünvanladığı “səki piyadalar üçündür, burada satırsansa, almalar sənin deyil” ifadəsi sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasına səbəb olub.

Məsələni şərh edən hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında deyib ki, icra hakimiyyətinin məmurları tərəfindən küçə ticarətinin qadağan olunması və yığışdırılması ilə bağlı birinci növbədə qərar qəbul olunmalıdır:

“Bu qərar əsasında şəhərin hüquq-mühafizə orqanları ilə birlikdə tədbir keçirilir. Tədbir nəticəsində küçə ticarəti ilə məşğul olan şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq inzibati cərimə tətbiq oluna bilər. Amma həm İnzibati Xətalar Məcəlləsində qeyd olunduğu kimi, həm də Konstitusiyanın 29-cu maddəsinə əsasən, şəxsin əmlakının tam müsadirəsinə yol verilmir. Şəxsin əmlakının müsadirəsi yalnız məhkəmə qərarı ilə mümkündür. Məhkəmə belə bir qərar verdiyi halda, icra məmurları həmin qərarı icra edərək əmlakın müsadirəsini həyata keçirə bilərlər”.

Qeyd edək ki, kobud davranışı ilə tənqidlərə tuş gələn həmin şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin İstehsal və xidmət sahələri sektorunda baş məsləhətçi kimi çalışan Samir Bədəlovdur. Meyvə-tərəvəz satışı ilə məşğul olan sahibkara qarşı qeyri-qanuni davranaraq məhsulu müsadirə edən şəxs daha öncə Sumqayıtda ərazi nümayəndəsinin vəzifələrini icra edib.
Aknews.az

Xəbərlər