​Məktəbli avtobusu, yoxsa "təhlükə mərkəzi"? – BRS (Baku Rent Service) özbaşınalığı!


​Valideynlərin səbri daşdı! Övladlarımızın təhlükəsizliyini etibar etdiyimiz məktəb daşınması xidməti, "Baku Rent Service" (BRS) şirkətinin idarəçiliyinə keçəndən bəri əsl kabusa çevrilib. Tehsil.media bildirir ki, Bir vaxtlar nizam-intizamlı olan bu sahədə hazırda tam bir qanunsuzluq və xaos hökm sürür.
Təhlükə saçan "xidmət": Qanunlar hara baxır?

​Şirkətin fəaliyyəti nəqliyyat və əmək qanunvericiliyinə aşkar meydan oxumaqdır. Ortadakı mənzərə dəhşətlidir:

​Sənədsiz sürücülər: Sükan arxasında əyləşən 60-65 yaşlı şəxslərin nə əmək müqaviləsi var, nə də gündəlik tibbi yoxlanışdan keçdiklərini təsdiq edən Kartları. Üstəlik sürücülərin bəzilərinin 74 yaşı var. Bu uşaqlar üçün ciddi təhlükədir.

Sığortasız canlar: Uşaqlarımızın sərnişin sığortası yoxdur! Hər hansı qəza baş verərsə, məsuliyyəti kim daşıyacaq?

Xarici dövlət nömrə nişanları: Paytaxtın mərkəzində, məktəb xidmətində xarici dövlət nömrə nişanlı avtobusların işləməsi hansı hüquqi çərçivəyə sığır?

Avtobus deyil, "buzxana" və "təhqir yuvası"

​Maddi tərəfi bir kənara, uşaqlara qarşı olan münasibət insanlıqdan uzaqdır:

​Antisanitariya və Soyuq: Avtobusların içi bərbad vəziyyətdədir, təmizlik sıfırdır. Qışın oğlan çağında istilik sistemi işləmir, uşaqlar "buzxana"da dərsə gedib-gəlirlər.

Ayaqüstü daşınma: Uşaqlar salonda üst-üstə oturdulur, çoxu ayaq üstə gedir. Sürücünün kobud manevrləri və qəfil tormoz verməsi nəticəsində uşaqlar avtobusun içində yıxılır, xəsarət alırlar.

Psixoloji zorakılıq: Sürücülər uşaqlarla daxili bazarda yük daşıyırmış kimi davranırlar. Onların ayaqqabısına, geyiminə irad tutan, ağzına gələni deyən, uşaqları təhqir edən bir "heyət"lə üz-üzəyik.

​Valideynlərin tələbi qətidir!

Uşaqlar artıq qorxudan avtobusa minmək istəmirlər. Seçdiyiniz şirkət hesabına övladlarımızı təhqir etdirmək və ya onların canını təhlükəyə atmaq istəmirik!

​“Baku Rent Service” rəhbərliyinə və nəzarətçi qurumlara səslənirik: Ya bu biabırçılığa son qoyub normal xidmət təşkil edin, ya da bu işi bacaran peşəkarlara təhvil verin. Övladlarımızın sağlamlığı və mənəviyyatı sizin qazancınızdan qat-qat üstündür!
tehsil.media


Aknews.az

Xəbərlər