İki qurumdan 2 milyonluq tender udan “hərşeyşünas” şirkət: “Leqo Group” – ARAŞDIRMA


Dünən Dövlət Ehtiyatları Agentliyi növbəti tenderinə yekun vurub.
Dövlət qurumu elevator və nümunə götürmə qurğusu üçün mal-materialın satın alınmasını reallaşdıracaq.

Belə ki, tenderin qalibi “LEQO GROUP” MMC olub. Öhdəliklərin yerinə yetirilməsi üçün Agentlik şirkətə 99 min 263 manat ödəniş edəcək.

Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “Leqo Group” MMC son bir ildə üst-üstə 7 tenderin qalibi olub. Şirkətin ən bahalı tenderi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun reallaşdırdığı olub. Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkili layihəsində icmalar üçün müxtəlif avadanlıqların alınmasını əhatə edən layihənin reallaşdırılması üçün şirkət 1 milyon 98 min 500 manat ödəniş alıb.

Onu da xatırladaq ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə sözügedən şirkət arasında eyni məzmunlu daha bir tender 2024-cü ildə baş tutub. Həmin vaxt “leqo Group” 1 milyon 499 min 671 manat ödəniş alıb.

Amma məsələnin maraqlı tərəfi odur ki, sözügedən şirkət daha çox “hərşeyşünas” təsiri bağışlayır. Məsələn, MMC İnnovasiyalar Mərkəzinə 48 min 412 manatlıq, “Azərkosmos”a isə 9 min 959 manatlıq promo materiallarının satın alınmasını həyata keçirib. Paralel olaraq, Bakı Slavyan Universitetinə 100 min 4 manatlıq, KOBİA üçün isə 125 min 175 manatlıq dəstərxana ləvazimatları və təsərrüfat malları alıb.

“Leqo Group” FHN-lə də bahalı müqavilə bağlayıb. Belə ki, nazirliyin Maddi Texniki Təchizat İdarəsi ötən ilin avqustunda müxtəlif növ statistik cədvəllərin və mal-materialların satınalmasını reallaşdırıb. Bunun müqabilində isə şirkətə 941 min 241 manat ödəyib.

Bildirək ki, rəsmi Facebook hesabında şirkətin tikinti sahəsi üzrə ixtisaslaşdığı qeyd edilib. Şirkət o qədər “fəal”dır ki, sonuncu paylaşımını 28 iyul 2025-ci ildə edib.

Nəzərinizə çatdıraq ki, “LEQO GROUP” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Mehman Orucov Anar oğludur.(Tribuna.az)

Qarşı tərəfi də dinləməyə hazırıq.


Aknews.az

Xəbərlər