Heç kimə sirr deyil ki, təhsil sektorunda bir sıra maliyyə maxinasiyalarına yol verilir. Ən böyük yeyinti isə birbaşa məktəblərdə cərəyan edir. Bütün bu maxinasiyaların mərkəzi idarəetmə nöqtəsi isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir (MÜTDA). Dolayısı ilə desək, Agentliyin rəhbəri Eşqi Bağırovun xəbəri olmadan məktəblərdə heç bir kütləvi maxinasiyaya yol verilməsi mümkün deyil.
Beləliklə, çox hörmətli Eşqi Bağırovla bağlı daha bir maraqlı fakt ortaya çıxıb. Redaksiyamıza göndərilən məlumatda iddia olunur ki, "Körpü" nəşriyyatında çap edilən, qiyməti isə nə az, nə çox, düz 9,5 manat olan "Riyaziyyat" test və tapşırıqlar kitabı respublikanın bütün orta ümumtəhsil məktəblərinə paylanılıb və şagirdlərə məcburi şəkildə satılması tapşırılıb. Məktəblərin birbaşa tabe olduğu qurumun rəhbəri kimi, Eşqi Bağırovun xəbəri olmadan belə bir genişmiqyaslı "ticarət əməliyyatını" gizli şəkildə həyata keçirmək qeyri-mümkündür.
