Amansız qətl törədən böyük biznes sahibinə böyük bəraət – Öldürülən qadının yaxınları etiraz edir


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmmədzadənin sədrliyi ilə biznesmen Emil Ağcanova bəraət verilib.
Musavat.com xəbər verir ki, o, cinayət məsuliyyətindən azad edilərək məcburi psixiatrik müalicəyə göndərilib.

Hökm Emil Ağcanovun xüsusi amansızlıqla qətlə yetirdiyi sevgilisi İradə Muradovanın yaxınlarının ciddi etirazı ilə qarşılanıb.

48 yaşlı Emil Ağcanov barəsində cinayət işi ötən ilin yayında Yasamal rayonunda baş vermiş dəhşətli hadisədən sonra başlanmışdı. İttihama görə, o, qeyri-rəsmi yaşadığı İradə Muradovanı Yasamal ərazisində, özünə məxsus evdəki hamam otağında amansız şəkildə qətlə yetirib.

Hadisənin təfərrüatları ilkin mərhələdən etibarən ictimaiyyətə sızan məlumatlarda xüsusilə ağır təsvir edilirdi. Bildirilirdi ki, Emil Ağcanov spirtli içki və narkotik vasitələrin təsiri altında qadına qarşı zorakılıq göstərib və onu boğaraq öldürüb.

Daha sonra yayılan məlumatlarda isə cinayətin daha da dramatik və emosional detalları yer alırdı. Bildirilirdi ki, Emil Ağcanov İradə Muradovanı qətlə yetirməzdən əvvəl ona müxtəlif dini ayinlər icra etdirib, dua oxudub.

İbtidai istintaq dövründə keçirilən məhkəmə-psixiatriya ekspertizası Emil Ağcanovu anlaqsız hesab etmişdi. Bu rəy işin gedişatını kökündən dəyişdi və müdafiə tərəfi məhz həmin nəticəyə əsaslanaraq cinayət məsuliyyətindən azad edilməni tələb etdi. Lakin mərhum İradə Muradovanın yaxınları bu rəylə razı deyillər. Onların iddiasına görə, Emil Ağcanov cinayəti tam şüurlu şəkildə törədib və psixoloji vəziyyətlə bağlı irəli sürülən nəticələr məsuliyyətdən yayınmaq üçün son çarə rolunu oynayır.

Musavat.com-a əvvəlki mərhələlərdə verilən açıqlamalarda da mərhumun ailəsi oxşar mövqe sərgiləyərək ekspertiza nəticələrinin yenidən araşdırılmasını tələb edirdi.

Məhkəmə tərəflər arasında yaranan ciddi ziddiyyətləri aradan qaldırmaq üçün təkrar məhkəmə-psixiatriya ekspertizasının keçirilməsinə qərar vermişdi. Lakin yeni rəy də əvvəlkindən fərqlənməmişdi. Rəyə əsasən, Emil Ağcanovun psixi vəziyyəti onun cinayət məsuliyyətinə cəlb edilməsinə imkan vermir.

Bakı Ağır Cinayətlər Məhkəməsindən verilmiş hökmlə Emil Ağcanov cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, həbsxanaya göndərilməyəcək, əvəzində məcburi tibbi xarakterli psixiatrik müalicə tədbirlərinə cəlb olunacaq.

Qanunvericiliyə əsasən, belə hallarda şəxs cəzaçəkmə müəssisəsinə deyil, ixtisaslaşdırılmış psixiatriya müəssisəsinə yerləşdirilir və onun vəziyyəti periodik olaraq həkim komissiyaları tərəfindən qiymətləndirilir.

Emil Ağcanovun cinayət işinə bunca maraq da əbəs deyil. Onun biznes fəaliyyəti ilə məşğul olduğu, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və həmçinin İtaliya brendi “YAMAMAY” mağazasının sahibi olduğu bildirilir. Bu fakt onun ictimai statusunu daha da ön plana çıxarır və işin ətrafında yaranan şübhələri artırır. Hadisə sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş rezonans doğurub.

Mərhum İradə Muradovanın yaxınları hökmdən apellyasiya şikayəti verəcəklərini açıqlayıblar.

Aknews.az

Xəbərlər