Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə "ITF Juniors – J60 Baku" beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib.
Yarış Bakı Tennis Akademiyasında baş tutub.
Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, İsrail, Slovakiya, Fransa, Avstraliya, Özbəkistan, Hindistan, Ukrayna, Türkmənistan və Macarıstandan olan, həmçinin neytral status altında çıxış edən tennisçilər iştirak ediblər.
Oğlanların fərdi yarışında Kuzey Kerem Bayrak 1-ci, Samuel Şifano isə 2-ci olub. Qızların fərdi yarışında Polina Kaşitsuna 1-ci, Leyla Şahmuradova isə 2-ci yeri tutub.
Oğlanların qoşa yarışında Luka İlesku və Samuel Şifano cütlüyü qalib gəlib. Aleksandr Burmakin və Mert Efe Zaim cütlüyü ikinci olub.
Qızların qoşa yarışında Lilyen Kubalova və Aleksandra Talina çempion adını qazanıblar. Polina Kaşitsuna və Vladislava Slelina cütlüyü isə turniri ikinci pillədə başa vurub.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli təqdim ediblər.
Aknews.az