Son aylarda KATV1 internet provayderinin çoxsaylı abunəçiləri xidmətin keyfiyyəti ilə bağlı ciddi narazılıqlarını ifadə edirlər. Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdə bildirilir ki, internet xidməti ayın əvvəlində, ortasında və sonunda dəfələrlə saatlarla dayanır, nəticədə həm fərdi istifadəçilər, həm də internet üzərindən fəaliyyət göstərən müəssisələr ciddi çətinliklərlə üzləşirlər.
İddialara görə, uzunmüddətli kəsintilər səbəbindən onlayn iş prosesləri dayanır, xidmət göstərən müəssisələr maddi zərərlə üzləşir, media qurumlarının fəaliyyəti isə iflic vəziyyətinə düşür.
Problemdən zərər çəkən media resursları sırasında SözTV.az, BNTV.az, Tibbmedia.az və Bakunews.tv-nin də olduğu bildirilir. Redaksiyalar qeyd edirlər ki, internet bağlantısının tez-tez kəsilməsi xəbərlərin hazırlanması, video materialların yüklənməsi və canlı yayımların həyata keçirilməsində ciddi maneələr yaradır.
Abunəçilər bildirirlər ki, aylıq 30 manat ödəniş etmələrinə baxmayaraq, bəzi hallarda internet xidməti 10–15 gün ərzində normal işləmir. Onların fikrincə, xidmətin bu səviyyədə göstərilməməsi istehlakçı hüquqlarının pozulması, ödənilmiş xidmətin tam həcmdə təqdim edilməməsi ilə bağlı suallar yaradır.
Narazılıq doğuran digər məqam isə, iddialara görə, KATV1 tərəfindən indiyədək genişmiqyaslı kəsintilərlə bağlı rəsmi üzrxahlığın edilməməsi və ya abunəçilərə hər hansı kompensasiya mexanizminin tətbiq olunmamasıdır.
Qeyd edək ki, KATV1 (AG Telekom MMC) Azərbaycanda fəaliyyət göstərən iri internet provayderlərindən biridir və rəsmi internet səhifəsində yüksəkkeyfiyyətli xidmət göstərdiyini bildirir. Bununla yanaşı, müxtəlif dövrlərdə KATV1 xidmətindən narazılıqlarla bağlı mediada və sosial platformalarda da şikayətlər dərc olunub.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. KATV1 şirkəti yaranmış vəziyyətlə bağlı açıqlama verəcəyi və ya iddialara münasibət bildirəcəyi təqdirdə, həmin mövqe dəyişdirilmədən və tam şəkildə oxuculara təqdim olunacaq.