Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 280 nömrəli tam orta məktəbdə ciddi insident baş verib. Valideynlərin iddiasına görə, 16 yaşlı 8-ci sinif şagirdi Kənan Məmmədlinin telefonu sinif rəhbəri Sahilə müəllimə tərəfindən əlindən alınıb bundan sonra isə uşaq məktəbi tərk edərək evə qayıtmayıb
Valideyn məktəbdə övladına qarşı uzun müddətdir hədə-qorxu gəlindiyini, "sinifdə saxlayacam" deyərək təzyiq göstərildiyini bildirib. Ana övladının dərslərinin zəif ola biləcəyini, lakin hər zaman sakit və tərbiyəli olduğunu vurğulayıb. Hadisə baş verdikdən sonra ana məktəb rəhbərliyinə müraciət etsə də, direktorun məsələyə laqeyd yanaşdığını və "nəyə ağlayırsan?" deyərək soyuqqanlı reaksiya verdiyini iddia edib.
Övladının uzun müddət tapılmaması səbəbindən valideyn hüquq-mühafizə orqanlarına müraciət edib. Çəkiliş zamanı digər valideynlər də məktəbdəki mövcud durumdan və təlim-tərbiyə işindən narazılıqlarını dilə gətiriblər.
Jurnalistlər və valideyn məktəb rəhbərliyinin mövqeyini öyrənmək üçün binaya yaxınlaşsalar da, məsul şəxslər açıqlama verməkdən yayınıb və məktəbin qapıları bağlı qalıb. Məsələ ilə bağlı araşdırmalar davam edir.(Millitv.info)
Aknews.az