Naxçıvan Muxtar Respublikasında baş verən son kadr dəyişiklikləri və qalmaqallı istefalar fonunda yeni şok təfərrüatlar ortaya çıxmaqdadır.
Bu yaxınlarda Musavat.com-a Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin milyonluq əmlakının geniş siyahısı ilə bağlı xəbərlər daxil olmuşdu. Keçən həftə isə onun səhhətindəki problemləri əsas gətirərək istefa ərizəsi yazdığı və bu məlumatın Həmkarlar İttifaqı tərəfindən təsdiqləndiyi bildirilmişdi.
Lakin Naxçıvandan daxil olan son iddialar məsələnin yalnız səhhət problemi ilə bitmədiyini, pərdəarxasında daha böyük maliyyə və vergi maxinasiyalarının dayandığını göstərir.
Regiondan aldığımız məlumatlar müvafiq dövlət qurumlarının Naxçıvan Həmkarlar İttifaqlarının illərdir yığılıb qalan iri məbləğli vergi borclarına niyə bu qədər laqeyd yanaşdığına işıq salır.
Səslənən iddialara görə, Həmkarlar İttifaqına qarşı nümayiş etdirilən bu “ xüsusi güzəşt”in arxasında şəxsi maraqlar və bahalı hədiyyələr dayanır. Məlumatda bildirilir ki, Qəzənfər Abdullayev Naxçıvan Dövlət Vergi Xidmətinin rəis müavini Anar İbrahimova 77 RB 900 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı avtomobil hədiyyə edib. Məhz bu “jest”dən sonra Naxçıvan Vergi Xidməti tərəfindən Qəzənfər Abdullayevə və onun rəhbərlik etdiyi quruma “gözün üstə qaşın var” deyən tapılmayıb.
