“McDonald’s” restoranlarında menyu qiymətlərinin müəyyənləşdirilməsində süni intellektdən istifadə şirkətə qarşı yeni tənqidlərə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, “Reuters”in araşdırmasına görə, “McDonald’s” ABŞ-də və bəzi digər bazarlarda restoranlara müxtəlif məhsullar üçün qiymət tövsiyələri verən süni intellekt əsaslı sistemdən istifadə edir.
Sistem milyonlarla gündəlik satış əməliyyatını analiz edir və hər restoran üçün məhsulların “optimal qiymətini” müəyyənləşdirməyə çalışır. Burada ərazidəki rəqiblərin qiymətləri ilə yanaşı, müştərilərin həmin ərazidə nə qədər ödəməyə hazır ola biləcəyi də nəzərə alınır.
“Reuters”in araşdırması göstərib ki, eyni məhsulun qiyməti bir-birinə yaxın restoranlarda belə ciddi fərqlənə bilər. Məsələn, Kaliforniyanın Fresno şəhərində iki şirkətə məxsus və bir-birindən təxminən 3 kilometr məsafədə yerləşən restoranlardan birində “Big Mac” 5 dollar 69 sentə, digərində isə 6 dollar 89 sentə satılıb. “Reuters” bu fərqin birbaşa süni intellekt sisteminin tövsiyəsindən qaynaqlandığını təsdiqləyə bilməyib.
“McDonald’s” isə “Reuters”in araşdırmasındakı bəzi nəticələri qəbul etmir. Şirkət bildirir ki, qiymət portalı məcburi deyil və yalnız restoran sahiblərinə tövsiyələr verir. Son qiyməti müəyyənləşdirmək hüququnun françayzilərdə qaldığını vurğulayır.
Bununla yanaşı, “Reuters” beş françayzi sahibinin şirkət tərəfindən süni intellektin qiymət tövsiyələrindən istifadə etməyə təzyiq göstərildiyini söylədiyini yazır. “McDonald’s” isə bu yanaşmanın sadəcə biznes qərarlarının qəbuluna kömək etdiyini bildirir.
Məsələnin digər tərəfi isə hüquqi risklərlə bağlıdır. “Reuters”in araşdırmasına görə, “McDonald’s”ın qiymət sistemində françayzilərin bir-biri ilə rəqib hesab oluna biləcəyi və buna görə də rəqabət qanunlarına əməl edilməsinin vacibliyi qeyd olunur.
Qeyd edək ki, “McDonald's Azərbaycan” QSC 1 mart 1999-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Nizami, ev 340-da yerləşən QSC-nin nizamnamə kapitalı 2 milyon 845 min manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Oskar Boqopolskiy Vadimoviçdir.
Onu da bildirək ki, “McDonald's”ın Azərbaycandakı françayzinq sahibi 1968-ci ildə İranın paytaxtı Tehranda anadan olan Böyük Britaniya vətəndaşı Cavad Marandidir.
Marandinin biznes şəbəkəsinə “Emilia Wickstead”, “Anya Hindmarch” və “Conran Shop” kimi məşhur moda və dizayn brendləri daxildir. Bundan başqa Marandi bir sıra otellərə də sahibdir.
Cavad Marandinin həyat yoldaşı Azərbaycanın tanınmış onkoloqu Əli Əlizadənin qızı Nərminə Marandidir (Əlizadə).
Nərminə Marandi də Böyük Britaniya vətəndaşıdır. O hazırda “Wickstead Gargiulo Limited” və “A.S.H.S. Limited” şirkətlərinin direktorudur.
Aknews.az