Sosial şəbəkələrdə canlı efirlərə çıxıb qurban rolu oynamaq, kamera arxasından hədə-qorxu gəlmək və hüquq-mühafizə orqanlarının fəaliyyətinə kölgə salmağa çalışmaq bəzi kriminal elementlərin vərdiş etdiyi köhnə taktikadır. Vətəndaşın (Müdafiə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisinin qardaşı Nəsimi Məmmədovun) 90 min dollarını (153 min manat) dələduzluq yolu ilə mənimsəyən, ifşa olunub cinayət məsuliyyətindən yayınmaq üçün xaricə qaçaraq "David Seliverstov" psevdonimi altında gizlənən residivist Kazım Abbasovun ətrafındakı pərdə günbəgün qalxır.
Musavat.com-un araşdırmaları göstərir ki, ortada sadəcə fərdi dələduzluq əməli deyil, mütəşəkkil cinayətkar şəbəkənin iş birliyi durur.
Çoxşaxəli kriminal dosye - həbslər və maddələr
Xaricdə oturub özünü "beynəlxalq hüquq müdafiəçisi" kimi qələmə verən Kazım Abbasovun arxasında zəngin kriminal keçmiş dayanır. O, sıradan bir "fəal" deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ağır maddələri ilə dəfələrlə məhkumluq həyatı yaşamış təhlükəli residivistdir.
Onun dosyesində Cinayət Məcəlləsinin dələduzluq (178) özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə mənimsəmə; Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə (310) - Özünü hüquq-mühafizə orqanı əməkdaşı və ya beynəlxalq təşkilat nümayəndəsi kimi təqdim etmə; Rəsmi sənədləri saxtalaşdırma və istifadə etmə(320) - Saxta vəsiqələr, arayışlar və dövlət blankları hazırlama; Narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər ağır cinayətlər var.
Gənclik illərində Şağandakı Cəzaçəkmə Müəssisəsinin qarşısında göstərdiyi "səhnəciklərdən" başlayaraq müxtəlif illərdə məhkumluq yaşayan Kazım Abbasov ifşa olunduqdan sonra cəzasızlıq mühiti yaratmaq üçün şantaj və təhdid üsullarına əl atıb.
Dələduzluq ifşa olundu, pul qaytarıldı, şantaj başladı
Keçmiş idarə rəisi Nizami Məmmədovun cəzasını yüngülləşdirəcəyi vədi ilə qardaşından aldığı 90 min dolları 8 ay boyunca mənimsəyən residivist Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu, özəlliklə Çingiz Qənizadə və mətbuat tərəfindən ifşa edildikdən sonra panikaya düşərək ölkədən qaçıb. Məsələnin böyüdüyünü görəndə isə Bakıdakı adamları (Şəlalə və Asif) vasitəsilə avqustun 8-də həmin 90 min dolları sahibinə qaytarmaq məcburiyyətində qalıb. Bununla da kifayətlənməyərək xaricdən hüquq müdafiəçisi Novella Cəfəroğluna zəng edərək "canlı efirdə canıma qəsd edəcəyəm" hədəsi ilə ifşaedici materialların dayandırılmasını xahiş edib. İfşanın davam etdiyini gördükdə isə monitorinq qrupunun rəhbəri Çingiz Qənizadəni, onun övladını, məsələni peşəkarlıqla araşdıran Səbail Rayon Polis İdarəsinin müstəntiqi Elşən Bədəlzadəni və araşdırma aparan media orqanlarını acizanə şəkildə hədələməyə başlayıb.
"Sənəd sexi" və təcridxana dostu Mehman Qasımov
Bu ilin avqustunda Çingiz Qənizadənin ifşaedici bəyanatlarından sonra Kazım Abbasovun ofisi qarşısında təşkil olunan "etiraz" aksiyası xüsusi diqqət çəkdi. Kazım Abbasovun öz ssenarisi əsasında qurulmuş bu aksiyada özünü "Davidin təsadüfi tanışı" kimi qələmə verən, lakin birbaşa Çingiz Qənizadəni və monitorinq qrupunu hədəf alan şəxslərdən biri Mehman İdris oğlu Qasımov idi. Şər-böhtan kampaniyası ilə hüquq müdafiəçilərini geri çəkilməyə məcbur etmək istəyən bu "fədakar dost"un tərcümeyi-halı araşdırıldıqda hər şey öz yerini alır. Məlum olur ki, Mehman Qasımov vaxtilə Yasamal rayonu ərazisində törətdiyi cinayətlərə görə yolu Bakı İstintaq Təcridxanasından düşüb. Mehman Qasımovun Kazım Abbasovla tanışlığı və "iş birliyi" də elə təcridxana divarları arasından başlayır. Mehman Qasımovun bu şəbəkədəki əsas funksiyası sənəd bazası yaratmaqdır. O, illərlə Kazım Abbasova lazımi məqamlarda təqdim etmək üçün rəsmi blanklar, şəxsiyyət vəsiqələri və digər dövlət sənədlərini təşkil etməklə faktiki olaraq şəbəkənin "sənəd maşını" rolunu oynayıb.



