Mandatından İMTİNA EDİR? - GƏLİŞMƏ


Xətai rayonunda baş verən və Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davaya görə saxlanılıb barəsində həbs qətimkan tədbiri seçilənlərdən birinin də Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə olduğu artıq hamıya bəllidir.
Hadisədən iki gündən artıq vaxt keçsə də, millət vəkilindən baş vermiş insidentə reaksiya almaq mümkün olmayıb. Telefon zənglərinə cavab verməyən ata Əlizadə, hələlik səssizliyini qoruyur.
Aydın məsələdir ki, özü hadisə iştirakçısı olmasa da, oğlunun qətllə yekunlaşan insidentə görə saxlanılması deputatın nüfuzuna xələl gətirib. İndiki durumda Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə kriminal aləmə meyilli şəxs olan və həmin obyektdə baş verən hadisəyə görə həbs edilən oğluna görə ictimai qınağa tuş gəlib.
Bəs, ictimai qınaq fonunda Arzuxan Əlizadə deputat mandatı ilə vidalaşa bilərmi?
Xitab24.az xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinə əsasən, Milli Məclisinin deputatı 7 halda mandatından məhrum edilir.
Bunlar aşağıdakılardır:
1)Seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2)Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə;
6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
Göründüyü kimi, baş verən olaya görə yuxarıda qeyd olunan hallar arasında Arzuxan Əlizadənin mandatından məhrum edilməsi üçün əsas yoxdur. Bu durumda o, yalnız Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci yarımbəndində göstərildiyi kimi, özü imtina etdiyi halda mandatından məhrum edilə bilər.
Belə olan hallarda, Milli Məclisin deputatı parlamentin iclasında mandatından imtina etdiyi açıqlayır və həmin imtina iclasının stenoqramına daxil edilir.
Deputatın imtina etməsi iclasın stenoqramına daxil edildikdə, sonradan o, fikrini dəyişdirə bilməz. Növbəti addımda isə Milli Məclisin sədri həmin stenoqramı və ya stenoqramdan çıxarışı Mərkəzi Seçki Komissiyasına göndərir.
Təbii ki, bütün bunların baş verməsi üçün əvvəlcə Arzuxan Əlizadə mandatından imtina edib-etməməklə bağlı qərarını qətiləşdirməlidir. Onun hansı qərar verəcəyini isə çox da uzaqda olmayan zaman göstərəcək.
Qeyd edək ki, daha öncəki illərdə müxtəlif səbəblərdən deputatların öz mandatından imtina etməsi hallarına rast gəlinib.
Aknews.az

Xəbərlər