BDU-nun tələbələri yenidən HƏDƏFDƏ: Qeyri-etik paylaşımlar, həllini tapmayan problem


Son günlər sosial şəbəkələrdə ali təhsil müəssisələrinin tələbələri ilə bağlı saxta və təhqiredici video, həmçinin fotolar yayılırdı. Bakı Dövlət Universitetinin tələbələrinin açıq profillərindən götürülmüş foto və videolar müxtəlif montaj üsulları, o cümlədən süni intellekt alətlərindən istifadə edilərək dəyişdirilir və alçaldıcı formada paylaşılırdı.
Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi məlumat yayaraq qeyd etdi ki, keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.

Vurğulanıb ki, F.Cəbrayılov "TikTok" sosial şəbəkəsində "hüquq tələbələri" etiketi ilə axtarış edərək müxtəlif şəxslərin foto və video görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edərək, üzərilərinə təhqiramiz yazılar əlavə edib və müxtəlif saxta hesablar vasitəsilə təkrar sosial şəbəkələrdə paylaşıb.

Saxlanılan şəxs foto və videogörüntülərin silinməsi üçün ona müraciət edən tələbələrdən isə bunun müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Oxu.Az-a eyni halla bağlı yenidən şikayət daxil olub.

Bakı Dövlət Universitetinin tələbələri bildiriblər ki, qızların profil şəkillərini götürüb saxta səhifələr açılır və qeyri-etik paylaşımlar olunur.

Bundan başqa, Fəxri Cəbrayılovun azadlığa çıxması ilə bağlı saxta səhifələr açılıb, paylaşımlar edilir. Həmçinin tələbələrin mobil nömrələrinə zənglər edilərək qeyri-etik ifadələr səsləndirilir.

Adının anonim qalmasını istəyən tələbələrdən biri Oxu.Az-a açıqlamasında qeyd edib ki, sözügedən problemi xeyli tələbə yaşayır.

"Onların açdığı sosial media səhifəsinin hekayə bölümündəki paylaşıma baxdıqdan sonra mənim də şəkilimdən istifadə etməyə başladılar. Universitetin müvafiq şöbəsindən bizə bildirildi ki, şikayəti özünüz edin. Oradakı şəxslər bizə dedilər ki, paylaşıma baxmazdınız, sizi də paylaşmazdılar. Bundan başqa, bizə tapşırıblar ki, jurnalistlərə məlumat verməyək", - deyə tələbə bildirib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətindən bildirilib ki, sözügedən hadisə araşdırılır.

BDU-nun tələbələri yenidən HƏDƏFDƏ: Qeyri-etik paylaşımlar, həllini tapmayan problem





Aknews.az

Xəbərlər