Sumqayıtda yerləşən Bravo supermarketinin filiallarından birində qiymət fərqi ilə bağlı sosial şəbəkələrdə geniş müzakirə aparılır.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkə istifadəçisi Ceyhun Savalanlı Sumqayıt şəhərinin Bağçaşəhər ərazisində yerləşən “Bravo” market filialında zeytun məhsulunun vitrində göstərilən qiyməti ilə kassada hesablanan məbləğin fərqli olduğunu iddia edib.
Onun sözlərinə görə, vitrində məhsulun qiyməti 8,99 manat göstərilsə də, kassada ödəniş zamanı məbləğ 12,59 manat olaraq çıxıb. Müştəri bildirib ki, qiymət fərqini yalnız ödəniş etdikdən sonra görüb və pulun geri qaytarılmasını tələb etməyib.
Savalanlı qeyd edib ki, bu hal artıq ikinci dəfə təkrarlanır və belə fərqlər alıcılar üçün narazılıq yaradır. O əlavə edib ki, adətən həmin marketdən 200–250 manatlıq alış-veriş edir, lakin bu dəfə az məhsul aldığı zaman belə bir vəziyyətlə üzləşib.
Paylaşımdan sonra mövzu sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusuna çevrilib. Bəzi şəxslər oxşar hallarla digər marketlərdə də qarşılaşdıqlarını bildiriblər. Onların sözlərinə görə, vitrində göstərilən qiymətlə kassadakı məbləğ arasında fərq bəzən alıcıların diqqətindən yayınır.
Digər istifadəçilər isə məsələyə fərqli yanaşıb. Onların sözlərinə görə, vitrində göstərilən məhsulla alınan məhsul fərqli ola bilər. Məsələn, bəziləri qeyd edib ki, vitrində tumlu qara zeytunun qiyməti göstərildiyi halda, çekdə tumsuz yaşıl zeytun qeyd olunub və qiymət fərqi də məhz bundan qaynaqlana bilər.
Bəzi şərhlərdə isə malların vitrində düzgün yerləşdirilməməsinin belə anlaşılmazlıqlara səbəb olduğu vurğulanıb. İstifadəçilər məhsulu alarkən həm etiketdə yazılan adı, həm də barkodu diqqətlə yoxlamağın vacib olduğunu bildiriblər.
Digər tərəfdən, bəzi vətəndaşlar hesab edir ki, bu kimi hallarda məsuliyyət mağazanın üzərinə düşür və qiymət etiketləri daha aydın şəkildə yerləşdirilməlidir.
Müştərinin sözlərinə görə, məsələ ilə bağlı Bravo marketin əməkdaşları onunla əlaqə saxlayaraq yaranan problemə görə üzr istəyiblər. Bununla belə, sosial şəbəkədə bir çox istifadəçi belə halların təkrarlanmaması üçün daha ciddi nəzarətin vacib olduğunu qeyd edib. /AzFood.
Aknews.az