Qaraçuxurda tikinti ilə bağlı suallar artır: Layihə lövhəsi yoxdur, təhlükəsizlik qaydalarına əməl edilirmi?


Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 10-cu Qaraçuxur küçəsində aparılan tikinti işləri ərazi sakinlərinin diqqətini cəlb edib. Redaksiyamıza daxil olan görüntülərdə tikinti meydançasında qanunvericiliyin tələb etdiyi məlumat lövhəsinin yerləşdirilmədiyi görünür.
Müşahidələrə əsasən, tikinti ərazisində layihənin adı, sifarişçi və podratçı təşkilat, tikintiyə verilmiş icazə sənədləri, eləcə də tikintinin təyinatı barədə məlumatların əks olunduğu lövhə görünmür. Bundan əlavə, ərazidə təhlükəsizlik tədbirlərinin hansı səviyyədə təşkil edilməsi də suallar yaradır.

Sakinlərin sözlərinə görə, vaxtilə həmin ərazidə yaşayış evi mövcud olub. Daha sonra tikili sökülərək yerində kommersiya təyinatlı obyektin inşasına başlanıldığı iddia edilir. İddialara görə, hazırda aparılan tikintinin hansı layihə əsasında həyata keçirildiyi və təyinatının nə olduğu barədə ictimaiyyətə aydın məlumat verilməyib.

Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, tikinti işləri zamanı məlumatlandırıcı lövhənin quraşdırılması, həmçinin təhlükəsizlik qaydalarına riayət olunması vacib şərtlərdən hesab olunur. Bu səbəbdən ərazidə aparılan işlərin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması ilə bağlı suallar yaranır.

Qeyd edək ki, bu kimi hallarda aidiyyəti qurumlar adətən tikintinin müvafiq icazələr əsasında həyata keçirildiyini bildirirlər. Lakin vətəndaşları maraqlandıran əsas məqam yalnız icazənin olub-olmaması deyil, həm də həmin icazələrin ərazidə açıq şəkildə nümayiş etdirilməsi, təhlükəsizlik standartlarına riayət edilməsi və tikintinin təyinatı barədə şəffaf məlumatın təqdim olunmasıdır.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, eləcə də aidiyyəti nəzarət qurumlarının mövqeyini öyrənməyə çalışacağıq.

Redaksiyamız qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

Xəbərlər