Həbsdə olan “JOY Tour” şirkətinin həmtəsisçisi Rəşad İlyasovun ailəsi işə yalnız cinayət işi kimi deyil, sahibkar hüquqları və şirkətdə məsuliyyət bölgüsü baxımından da qiymət verilməsini istəyir.
Rəşad İlyasovun anası Tamam Həsənova bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğlu və Nərmin Fətullayeva barəsində cinayət işinə baxılır.
Onun sözlərinə görə, şirkətdə hər iki şəxsin 50 faiz payı olub, lakin direktor və gündəlik fəaliyyətin faktiki icraçısı 2017-ci ildən Nərmin Fətullayeva olub.
“Şirkətin təsisçisi olmaqla onun gündəlik satışlarını, kassanı və bank əməliyyatlarını idarə etmək eyni şey deyil. Turistlərin pulunu kim qəbul edib, satışları kim həyata keçirib, bank və kassa əməliyyatlarına kim nəzarət edib – məsuliyyət də bu faktlara görə müəyyən olunmalıdır”, – T.Həsənova deyib.
Ailənin bildirdiyinə görə, Rəşad dəfələrlə yazılı və şifahi şəkildə tələb edib ki, turist ödənişləri şəxsi kartlara deyil, yalnız şirkətin rəsmi hesabına qəbul edilsin. Satışların şəffaf uçotu üçün TMS sistemi tətbiq olunub və bütün satışların vaxtında sistemə daxil edilməsi tələb edilib. Buna baxmayaraq, turist ödənişlərinin böyük hissəsinin Nərmin Fətullayevanın şəxsi kartlarına qəbul edildiyi, satışların sistemdən kənarda saxlanıldığı müəyyən edilibş.
T.Həsənovanın sözlərinə görə, Rəşad şirkətin maliyyə vəziyyətini sistemdə görünən öhdəliklərlə müqayisə etdikdən sonra yeni satışların dayandırılmasını, mövcud turistlər qarşısındakı öhdəliklərin yerinə yetirilməsini və şirkətin fəaliyyətinin dayandırılmasını istəyib. Buna baxmayaraq, 2025-ci ilin avqustunda yeni satış cəhdinin olduğu və Rəşadın buna “WhatsApp” səs yazısı ilə etiraz etdiyi bildirilir.
“Sonradan problem yaşayan 40-a yaxın turistin böyük hissəsi barədə TMS sistemində dolğun məlumat olmadığı məlum oldu. Əgər oğlumun məqsədi gəlirləri və satışları gizlətmək idisə, niyə özü şəxsi kartlara ödənişi qadağan edir, rəsmi hesab tələb edir, bütün satışların sistemdə görünməsini istəyir və sonda yeni satışları dayandırırdı?” – ana bildirib.
Ailə audit materiallarında da sahibkar hüquqları baxımından ciddi suallar olduğunu deyir. Onların sözlərinə görə, audit turist pullarının şəxsi kartlara qəbul edilməsini vergidən yayınmaya cəhd kimi qiymətləndirib, maliyyə əməliyyatlarının faktiki icrasına görə məsuliyyəti icraçı şəxslə əlaqələndirib, həmçinin Nərmin Fətullayevanın Türkiyədəki bank hesabına yerləşdirilən vəsaitlərin mənbəyinin müəyyən edilməsini tələb edib.
Rəşad İlyasova vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı da verilib. Ailə isə bildirir ki, onun adına sonradan elektron sistemə daxil edilmiş direktor və maliyyə direktoru kimi əmək müqavilələri Rəşad tərəfindən SİMA ilə təsdiqlənməyib. O, özü aşkarladığı uyğunsuzluqların aradan qaldırılmadan direktor vəzifəsini qəbul etməyəcəyini də yazılı bildirib.
T.Həsənova ibtidai istintaqla bağlı da suallar olduğunu qeyd edib: Rəşadın iştirakı ilə möhürlənən ofisin sonradan onun və vəkilinin iştirakı olmadan açıldığı, ailəyə bununla bağlı video-protokol təqdim edilmədiyi, Rəşadın isə 2 ay 28 gün əvəzinə 2 ay 29 gün saxlanıldığı bildirilir.
“Bu işə sahibkar hüquqları baxımından da baxılmalıdır. Sahibkar şirkətin təsisçisi olduğu üçün avtomatik olaraq hər bir icraçının əməlindən cinayət məsuliyyəti daşımamalıdır. Kimin nə etdiyi konkret sübutlarla müəyyən edilməlidir. 40-a yaxın turistin pulunu kim qəbul edib, satışları kim sistemdən kənarda saxlayıb, vəsaitləri kim idarə edib – bunlar araşdırılsın. Sonra Rəşadın konkret hansı cinayət əməlini törətdiyi göstərilsin”, – Tamam Həsənova deyib.
O, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiyini, işə sahibkar hüquqlarının müdafiəsi, korporativ məsuliyyət bölgüsü və faktiki maliyyə idarəetməsi baxımından da diqqət yetirilməsini istədiyini bildirib.
"Dia-az"
Aknews.az