Burger King-də işləyən 50-yə yaxın şəxs maaşlarını ala bilmədiyini deyir - əmək müqaviləsi ilə çalışsalar da...


Burger King-in Azərbaycandakı fəaliyyətinə dair narazılıqlarını bildirən 50-yə yaxın keçmiş əməkdaşın müraciəti diqqət çəkir.
Gununsesi.info xəbər verir ki, işçilərin sözlərinə görə, onlar şirkətdə rəsmi əmək müqaviləsi ilə çalışsalar da, aylarla əməkhaqlarını ala bilməyiblər.
Daha sonra şirkətin başqa şəxsə satıldığı və yeni rəhbərliyin problemə yanaşmasının isə işçilərin işdən azad edilməsi ilə nəticələndiyi iddia olunur.
Keçmiş əməkdaşlar bildirirlər ki, maaş və digər ödənişlərlə bağlı alacaqları olduğu halda, yeni rəhbərlik tərəfindən işdən çıxarılıblar.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini deyən işçilər nəticə əldə edə bilmədiklərini bildirirlər.
Onların sözlərinə görə, media və sosial şəbəkə səhifələrinə də müraciətlər ünvanlanıb. Lakin bəzi müraciətlərin yayımlanmadığı, yayımlanan məlumatların isə sonradan silindiyi iddia edilir.
Ortada isə konkret suallar qalır:
Rəsmi əmək müqaviləsi ilə işləyən onlarla insanın aylarla maaş almaması ilə bağlı kim araşdırma aparmalıdır? Əmək münasibətlərinə nəzarət edən qurumlar bu müraciətləri niyə nəticəyə çatdırmır? Şirkətin sahibinin və ya rəhbərliyinin dəyişməsi əvvəlki əmək öhdəliklərini aradan qaldırırmı?
Söhbət tək-tək əmək mübahisəsindən yox, iddialara görə, 50-yə yaxın şəxsin əməkhaqqı və iş hüquqları ilə bağlı problemdən gedir.
İşçilər problemin araşdırılmasını və qanunla nəzərdə tutulan ödənişlərinin təmin edilməsini tələb edirlər.
Məsələ ilə bağlı Burger King-in Azərbaycandakı nümayəndəliyinin və aidiyyəti dövlət qurumlarının mövqeyini öyrənməyə hazırıq.
Aknews.az

Xəbərlər