Son illərdə ölkədə estetik tibb sahəsi sürətlə genişlənsə də, bu sahədə nəzarətsizlik və məsuliyyətsizlik paralel şəkildə artmaqdadır. Gülbadə Abdullayeva ətrafında baş verən qalmaqal isə bu problemin tək-tək hallardan çıxaraq sistem xarakteri aldığını açıq şəkildə göstərir.
Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan və geniş rezonans doğuran görüntülərdə tibbi prosedur adı altında qeyri-etik və təhlükəli hərəkətlər – o cümlədən xəstə üzərində qılınc oynadılması kimi hallar əks olunmuşdu. Bu görüntülər cəmiyyətdə haqlı narazılıq yaratdı və məsələ hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıldı. Rəsmi açıqlamalarda bildirildi ki, faktla bağlı araşdırma aparılır.
Lakin aradan çox keçmədi ki, eyni şəxs “Gülü” ləqəbi ilə bu dəfə “Bilur Estetik” adı altında yenidən fəaliyyətə başladı. Hazırda ictimaiyyətin əlində olan və sosial mediada yayılan videokadrların məhz bu məkanda çəkildiyi iddia olunur. Bu fakt isə bir sualı daha da aktuallaşdırır: aparıldığı deyilən araşdırmalar harada qaldı?
Məsələnin ən narahatedici tərəfi odur ki, bu fəaliyyət gizli yox, açıq şəkildə həyata keçirilir. Sosial şəbəkələrdə reklam olunur, müştərilər cəlb edilir, müxtəlif “estetik prosedurlar” təqdim edilir. Halbuki, estetik müdaxilələr yalnız ixtisaslı həkimlər tərəfindən, müvafiq lisenziyaya malik tibb müəssisələrində həyata keçirilməlidir. Əks halda, bu cür müdaxilələr insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilir.
Burada əsas məsuliyyət səhiyyə sisteminə nəzarət edən qurumların üzərinə düşür. Bu sahədə fəaliyyət göstərən obyektlərin yoxlanılması, lisenziyaların verilməsi və nəzarətin təmin olunması onların birbaşa vəzifəsidir. Lakin görünən mənzərə onu deməyə əsas verir ki, ya bu nəzarət mexanizmləri işləmir, ya da yalnız kağız üzərində mövcuddur.
Digər ciddi məsələ isə prokurorluq orqanlarının mövqeyi ilə bağlıdır. “Araşdırma aparılır” kimi ümumi və nəticəsiz açıqlamalar artıq cəmiyyətdə inam doğurmur. Əgər doğrudan da prinsipial və obyektiv araşdırma aparılmış olsaydı, eyni şəxsin başqa ad altında fəaliyyətini davam etdirməsi mümkün olmazdı. Bu isə ya səhlənkarlıq, ya da məsuliyyətdən yayınma kimi qiymətləndirilir.
Əldə olan videofaktlar isə vəziyyətin nə qədər təhlükəli olduğunu açıq şəkildə nümayiş etdirir. Tibbi standartlara uyğun olmayan müdaxilələr, qeyri-peşəkar yanaşma və məsuliyyətsizlik birbaşa insan həyatını risk altına qoyur. Bu, artıq sadəcə etik pozuntu deyil, potensial faciədir.
Bu gün “Bilur Estetik” ətrafında yaranan vəziyyət tək bir obyektin və ya bir şəxsin problemi deyil. Bu, bütövlükdə səhiyyə nəzarət sisteminin və hüquqi mexanizmlərin effektiv işləmədiyinin göstəricisidir. Əgər bu cür hallara vaxtında və ciddi reaksiya verilməzsə, sabah daha ağır nəticələrin şahidi ola bilərik.
Cəmiyyət artıq söz yox, əməl gözləyir. İnsan sağlamlığı üzərindən qazanc əldə etməyə çalışan saxta “həkimlər”ə qarşı real və sərt tədbirlər görülmədikcə, bu problem daha da dərinləşəcək. Səhiyyə və hüquq-mühafizə orqanları isə bu məsuliyyətdən yayınmamalıdır – çünki burada söhbət birbaşa insan həyatından gedir.
bntv.az
Aknews.az