Xidmət sektorunda etimad qazanmaq, xüsusilə də yüksək rəqabətlilik dövründə müştərinin məmnuniyyətini qorumaq çox önəmli məsələdir. Lakin bəzi hallarda qiymət şəffaflığı və xidmət keyfiyyəti ilə bağlı problemlərin hələ də qaldığını görürük.
Bizim.Media-ya daxil olan müştəri şikayətinə görə, tanınmış restoranlar şəbəkəsi olan “Qoç Ət”in Nərimanov filialında qiymətlə bağlı narazılıq yaranıb. Belə ki, menyudan 5 manat 50 qəpiyə sifariş etdiyi lahmacun qəbzdə 8 manat 20 qəpiyə hesablanıb. Üstəlik məhsulun keyfiyyəti də ürəkaçan olmayıb.
Müştəri bildirir ki, lahmacunun xəmiri normadan qalın olub və gözlənilən standartlara cavab verməyib.
Məsələ ilə bağlı “Qoç Ət” restoranı ilə əlaqə saxladıq. Menecer Ərşad İbrahimov Bizim.Media-ya açıqlamasında ilk cəhddə müştərini günahlandırmağa çalışdı. Müştəriyə əvvəlcədən məhsulun “böyük ölçülü” variantının təklif edildiyini deyərək məsuliyyətdən yayınsa da, sonradan məsələni “texniki səhv” adlandıraraq menyuda düzəliş ediləcəyini bildirdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununa əsasən, menyuda göstərilməyən və ya açıq şəkildə qeyd olunmayan əlavə xidmət və ya dəyişikliklərə görə istehlakçıdan əlavə ödəniş tələb edilə bilməz.
Yəni qiymət menyuda necə göstərilibsə, müştəri də həmin qiymət əsasında seçim edir və ödəniş etməlidir. Qanuna görə (maddə 13) istehlakçının düzgün məlumat almaq hüququ var və (maddə 21) istehlakçının aldadılması qadağandır.(Bizim.Media)
Aknews.az