Ajans.az-ın Baş redaktoru Tural Müseyibov ADY sürət qatarlarının biznes sinfində sərnişinlərə təqdim edilən "ADY PFM CATERİNG" etiketli meyvə şirəsinin üzərində istehsal tarixinin göstərilməməsi və qablaşdırma keyfiyyəti ilə bağlı narazılıq qaldırıb. Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə və sədr Rövşən Rüstəmova rəsmi sorğu ünvanlansa da, uzun müddət keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Sorğuda tenderin keçirilib-keçirilməməsi, şirkətin seçilmə meyarları, xidmətə ayrılan vəsaitin məbləği və AQTA sertifikatının mövcudluğu da daxil olmaqla 12 əsas suala aydınlıq gətirilməsi tələb olunur. Baş redaktor məsələnin ictimaiyyət üçün qaranlıq qalan məqamlarını diqqətdə saxlamaq məqsədilə mövzu ilə bağlı video müraciət də hazırlayaraq aidiyyəti quruma ünvanlayıb.
32gun.az olaraq məsələyə biganə qalmadıq.
Şirkətlə bağlı rəsmi mənbələr və bəzi resurslar üzərindən araşdırma apardıq. Araşdırmalarımız zamanı məlum oldu ki, "PFM Catering" brendi Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, ev 22, mənzil 49 hüquqi ünvanında qeydiyyatda olan və Elnur Tofiq oğlu İsmayılovun qanuni təmsilçisi olduğu "Private Facility Management" MMC-yə məxsusdur.

